Bu gün:

Tibb elmi ölüləri niyə geri qaytara bilmir?


Əksər insanlar fantastik filmlərdəki kimi ölülərin dirildilməsini mümkün hesab edir. Bəs görəsən, tibbi cəhətdən insanları ölümündən sonra geri qaytarmaq niyə mümkün deyil?Elm adamlarının izahına görə, canlılıq – orqanizmin içindəki düzənin, yəni nizamın saxlanılması deməkdir. Bu nizamı yaratmaq üçün canlı orqanizmlər xaricdən enerji alır – məsələn, yemək, günəş şüası və ya kimyəvi reaksiyalar vasitəsilə. Ancaq canlı öldükdə bu enerji axını kəsilir, hüceyrələr öz aralarındakı əlaqəni itirir, daxili nizam pozulur və bədənin içindəki molekullar tədricən xaotik hala keçir. Fizikanın ikinci qanunu olan entropiya qanunu da məhz bunu deyir: hər şey dağılmağa, nizamsızlaşmağa meyllidir.

Məsələn, evinizi uzun müddət təmizləməsəniz, hər yeri toz basar, səliqə itər. Eyni proses orqanizmdə də baş verir – ölüm zamanı orqanizmin daxili mühitindəki bütün nizam pozulur. Hüceyrələrdəki məlumat (DNA, proteinlər, fermentlər) geri dönməz şəkildə itir. İstəsəniz belə, bədənin əvvəlki halını qaytara bilməzsiniz. Bu, sadəcə biologiyanın deyil, fizikanın qanunları ilə izah olunur.

Bəzən insanlar “tibb elmi ölüləri diriltməyə çalışa bilmir?” deyə soruşurlar. Əslində, ürəyi dayanan bir insanın ürəyini masaj və elektroşok vasitəsilə işə salıb onu həyata qaytarmaq mümkündür. Amma burada “ölmək” dediyimiz tam ölümdən yox, klinik ölüm vəziyyətindən söhbət gedir. Əgər ölüm baş verdikdən sonra vaxtında müdaxilə olunmazsa, bədənin hüceyrələri bir-bir öz daxili nizamını itirir və o sistem geri qaytarılmaz şəkildə çökür.

Bəzi fantastik əsərlərdə isə ölünü “diriltmək” üçün alternativ yollar göstərilir. Məsələn:

    •    Ölünün DNT-sini sağlam bir hüceyrəyə yerləşdirib klonlamaq. Bu üsulla həmin insanın genetik eynisini yaratmaq mümkündür, amma yaddaş, xatirə və xarakter geri qaytarılmaz.

    •    Beyindəki bütün neyron əlaqələrinin rəqəmsal şəkildə köçürülməsi və yeni klonlanmış bədənə yerləşdirilməsi. Bununla insanın “şəxsiyyətini” kompüterdə saxlamaq və sonradan yenidən “yükləmək” nəzərdə tutulur. 

    •    Və ya ölünün sosial şəbəkələrdəki yazışmaları, elektron izləri əsasında onun davranış modelini hazırlayıb süni zəka ilə canlandırmaq. Amma bu da əslində həmin insanın özü deyil, onun rəqəmsal surətidir.

Beləliklə, ölülərin geri qaytarılması ilə bağlı hələlik əlimizdə olan yeganə yol: ölümü təxirə salmaq və ölümdən əvvəl mümkün qədər çox məlumat toplamaqdır. Yəni, əslində, bu məsələnin kökündə həmişə “məlumat itkisi” problemi dayanır. Canlı bədənin hər bir molekulunun məlumatını geri qaytarıb yenidən əvvəlki kimi qurmaq hələ ki mümkün deyil. Fizikanın qanunları buna icazə vermir. Amma bəlkə də gələcəkdə elm bu qanunları “aldatmağın” yolunu tapar.

Mənbə: Buzz Feed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et