1922-ci ilin sonlarında britaniyalı arxeoloq Hovard Karter firon Tutankamunun məzarını — eramızdan əvvəl 1323-cü ildə təxminən 18 yaşında vəfat edən fironun dəfn olunduğu yeri — Misirdə Nil çayının o biri sahilində, Luksorun qarşısında yerləşən Fironlar Vadisində aşkarlayıb.

Fironlar bu ərazidə eramızdan əvvəl XVI əsrdən XI əsrə qədər dəfn olunublar. Məzarların əksəriyyəti qədim dövrlərdən bəri talan edilib, lakin Tutankamunun məzarı, demək olar ki, tam toxunulmamış şəkildə ilk dəfə tapılıb. Layihəni maliyyələşdirən həvəskar misirşünas, 5-ci Karnarvon Qrafı, Karterə qoşularaq dəfn otaqlarına daxil olub və onlar orada gənc fironun mumiyalanmış bədənini, dini əşyaları, divar rəsmlərini və yazıları, eləcə də onun axirət həyatında lazım olacaq avadanlıqları aşkarlayıblar.
Məzarda, əslində, heç bir lənətə dair yazı tapılmayıb, amma sonrakı illərdə Karterin komandasında və ya məzarı ziyarət edənlər arasında baş verən ölümlə, xüsusilə zorakılıq və ya qəribə hallar nəticəsində baş verənlər bu hekayənin yaşamasına səbəb olub. Lənətin guya qurbanları arasında aşağıdakılar olub:
• Misir şahzadəsi Əli Kamel Fahmi bəy – 1923-cü ildə həyat yoldaşı tərəfindən güllələnərək öldürülüb.
• Sir Arçibald Duqlas Rid – guya mumiyanı rentgen etdikdən sonra 1924-cü ildə müəmmalı şəkildə vəfat edib.
• Sir Li Stak, Sudanın general-qubernatoru – 1924-cü ildə Qahirədə sui-qəsd nəticəsində öldürülüb.
• Artur Meys, Karterin ekspedisiya üzvü – 1928-ci ildə guya arsenlə zəhərlənərək ölüb.
• Karterin katibi Riçard Bethell – 1929-cu ildə guya yatağında boğularaq öldürülüb.
• Onun atası – 1930-cu ildə intihar edib.
Əslində, məzarda çalışan və ya onu ziyarət edən insanların əksəriyyəti uzun ömür sürüblər, lakin bu fakt lənətə inanmaq istəyənlərin fikirlərini dəyişməyib. Karter özü bu lənət məsələsini “tamamilə cəfəngiyyat” adlandıraraq qəzəblə rədd edib. Lakin o, 1939-cu ilin martında Londondakı mənzilində Hodgkin xəstəliyindən tənha və bədbəxt halda 64 yaşında vəfat edib, onun nekroloqlarında mumiyanın lənəti hekayəsi yenidən gündəmə gəlib və bu günə qədər yaşayıb.
Mənbə: History today
Tərcümə etdi: Arzu Qafarova
