İstanbul Universitetində aparılan araşdırmaya görə, ev pişikləri evdəki yad insanların qoxularını sahiblərininkindən daha tez və daha uzun müddət qavrayır.
Araşdırmada yaşı 1-dən 8-ə qədər olan 42 ev pişiyi müşahidə edilib. Təcrübə zamanı pişiklərə həm sahiblərinin, həm də evə tez-tez gələn qonaqların geyindiyi paltarlar təqdim olunub. Onların bu paltarlara qarşı göstərdiyi reaksiyalar yüksək keyfiyyətli kameralar vasitəsilə izlənilib.
Nəticələr göstərib ki, pişiklər yad qoxulara orta hesabla 37% daha çox maraq göstərirlər. Burun təması və iybilmə davranışları pişiklərin ətraf mühitdəki dəyişikliklərə son dərəcə həssas olduğunu sübut edib.
Baytar Davranış Mütəxəssisi Dr. Elif Şahin bildirir ki: "Pişiklər təbiətcə maraqlı heyvanlardır. Tanımadıqları qoxuları potensial təhlükə və ya yeni məlumat kimi qəbul edə bilərlər. Onlar üçün sahiblərinin qoxusu artıq tanış və güvənlidir, yad qoxular isə araşdırmağa dəyər bir şeydir".
Mütəxəssislər qeyd edirlər ki, bu davranış pişiklərin emosional uyğunlaşma tərzlərini başa düşmək baxımından da önəmlidir. Bu səbəbdən, pişiklər evə qonaq gələndə daha maraqlı və ya ehtiyatlı davrana bilərlər.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
