
Glütensiz, sitrussuz və pomidorsuz qidalanan Kerri Kleytton üçün alış-veriş və yemək bişirmək əsl problemə çevrilib. Onun 10 yaşlı oğlu da süd məhsulları və buğda qadağası ilə üzləşib. Ailə həftə ərzində bir neçə mağazada alış-veriş edir ki, ən uyğun allergiyasız məhsulları tapsınlar. Onlar adətən sobada bişmiş kartof, makaron kimi dəyişdirilə bilən yeməklər hazırlayır və keks, peçenye kimi şirniyyatları sıfırdan bişirirlər.
İki onlayn zinət əşyaları biznesini idarə etməklə yanaşı, iki uşaq anası olan Kerri, həftədə bir saatını bişirməyə sərf edir. M&S-in mart ayında istifadəyə verdiyi “Only” (Yalnız) adlı məhsullar seriyası (maksimum 6 inqrediyentli məhsullar) onun üçün “xəyal kimi” bir yenilik oldu.
Baxmayaraq ki, bu məhsullar bahadır – məsələn, tərkibində yalnız qarğıdalı olan qarğıdalı lopaları 325q üçün £2.50-dır, halbuki adi məhsulun 500q-ı £0.90-a başa gəlir. Kleytton deyir: “Adi alıcılar üçün bu bahadır, amma bizim kimi allergiyası olanlar üçün bu normaldır. Hamımızın yeyə biləcəyi ləzzətli şeylər tapmaq çox çətindir. Əgər siz standart qidalara öyrəşmisinizsə, alternativləri bəyənməyə və ya əlavə xərcləri anlamağa bilərsiz – amma az tərkibli qidalar bizə görə əla seçimdir.”
Kerri Kleytton üçün həyat bir qədər də asanlaşa bilər, çünki daha çox mağaza və marka M&S-in bu addımını təqib edərək az inqrediyentli məhsullar təqdim edir. Bu dəyişiklik 2023-cü ildə Dr.Kris Van Tullekenin “Ultra-Processed People” (Ultra-Emal Olunmuş İnsanlar) kitabından sonra bu tip məhsullara marağın artması ilə əlaqədardır.
İnqrediyent sayı az olan məhsullara tələbat artıb. “IND!E” adlı platformanın qurucusu Metyu Hopkins deyir ki, son bir ildə bu cür məhsullarla bağlı pərakəndəçilərdən gələn sorğular 40% artıb. O, Ocado, Selfridges və John Lewis-dən daha iri sifarişlər aldığını bildirir. “Alıcılar daha sadə və tanınan tərkib siyahıları istəyir,” – deyə o qeyd edir.
Bitki əsaslı məhsullar istehsal edən “THIS” markası, daha az emal olunmuş yeni “Super Superfoods” seriyası ilə bazara çıxıb. Bu seriyada lobya, toxum və göbələk kimi təbii inqrediyentlərdən istifadə olunur. “THIS” markasının araşdırmaları göstərib ki, insanlar emal olunmuş ət əvəzedicilərindən uzaqlaşmağa başlayıblar.
Markanın innovasiya və davamlılıq direktoru Lük Börn deyir: “Bizi ultra-emal olunmuş sayırlar, amma məhsullarımız yüksək proteinli, lifli, az yağlı və az şəkərlidir. Sadəcə ‘UPF’ (ultra-processed food) etiketi bütün qidaları eyni qutuda göstərmək kimi olur.”
Qidalanma üzrə mütəxəssis Dr.Laura Vayness isə M&S-in bu addımını tənqid edir: “Qısa tərkibli məhsullar populyardır, amma zənginləşdirilmiş qidaların çıxarılması ictimai sağlamlıq üçün geriyə addımdır. Müştəri hər zaman haqlı deyil – çünki qərarları çox vaxt yanlış məlumatlara əsaslanır.”
Teesside Universitetindən qida alimi Dr.Jibin He deyir ki, “ultra-emal olunmuş” anlayışı sağlamlıq üçün əhəmiyyətli bir göstərici deyil. Emal olunmuş qidalar böyük əhali üçün təhlükəsizlik, daha uzun saxlama müddəti və daha az israf deməkdir. Tofu çox sağlamdır, amma bəzi əlavələr səbəbilə UPF kateqoriyasına düşə bilər, halbuki qırmızı ət ‘emal olunmamış’ hesab olunur”.
Dr.He qida firmalarına tövsiyə edir: “Tərkibi sadələşdirin, hansı maddələr vacibdir, hansı deyil – buna baxın. Yeni emal və qablaşdırma texnologiyaları qidanın strukturunu dəyişmədən onun keyfiyyətini artıra bilər.”
Məsələn, 3Bears markası futbоlçu Herri Keynlə birgə aşağı tərkibli səhər yeməyi məhsulları təqdim edib. 7 inqrediyentli sıyıq halqaları 250q üçün £3.99-dır. M&S-in 5 inqrediyentli məhsulu 300q üçün £2.50, Waitrose-un isə 22 inqrediyentli məhsulu 375q üçün £1.25-dir.
Şirniyyat kimi bəzi məhsullarda isə bu mübahisə o qədər də təsirli deyil. Böyük Britaniyada konfet bazarı hələ də inkişaf edir – bu sektor təxminən 14.8 milyard funt sterlinq dəyərindədir. “Little Moons” markasının bəzi dondurmalarında 30-dan çox maddə olsa da, o, artıq 35 ölkəyə ixrac olunur.
Markanın marketinq direktoru Ross Farquhar deyir: “Əgər hər kəs evdə dondurma hazırlamayacaqsa, onda hazır dondurmanın rolu var və stabil olması üçün bəzi maddələr vacibdir.”
Nəticə olaraq, bəzi markalar “az inqrediyentli” yola gedir, bəziləri isə keyfiyyət və dadın qorunmasını üstün tutur.
Mənbə: BBC
Tərcümə etdi: Fatima Farzali
