Robloks son illərdə milyonlarla uşaq və gəncin sevimli oyun platformasına çevrilib. Lakin bu oyun bəzi valideynlərdə narahatlıq doğurur. Əyləncəli və yaradıcı imkanlar təqdim etsə də, təhlükəli məzmun riski də var.
Onlayn təhlükəsizlik və istənməyən əlaqələr
Robloks oyunçuların bir-biri ilə ünsiyyət qura bildiyi sosial platformadır. Söhbət, dostluq və qrup yaratmaq imkanları olsa da, bu xüsusiyyətlər bəzi zərərli şəxslərin uşaqlara yaxınlaşmasını asanlaşdıra bilər. Bəzən uşaqlar aldadıla və ya zərərli məzmuna məruz qala bilərlər. Robloks bəzi təhlükəsizlik tədbirləri görsə də, platformanı tam təhlükəsiz hesab etmək olmaz.
Böyüklər üçün məzmun və zorakılıq
Robloks istifadəçilərə öz oyunlarını yaratmaq imkanı verir. Bu yaradıcı imkan müsbət olsa da, bəzən uşaqlar üçün uyğun olmayan zorakılıq, qorxu və yetkinlik mövzuları olan oyunlarla qarşılaşmaq mümkündür. Yaşa uyğun filtrlər olsa da, onlar hər zaman kifayət etmir və uşaqlar zərərli məzmuna rast gələ bilirlər.
Asılılıq riski
Bəzi Robloks oyunları asılılıq yarada bilər. Mükafatlar və irəliləyiş hissi uşaqları uzun müddət oyunda saxlaya bilər. Bu isə dərslərə, yuxuya və sosial həyata mənfi təsir göstərə bilər. Valideynlər oyun vaxtını nəzarətdə saxlamalı və balanslı istifadəyə təşviq etməlidirlər.
Mikrotransaksiyalar və xərcləmələr
Robloks-da Robuks adlı virtual pul vahidi var. Uşaqlar bu valyuta ilə oyunda əşyalar ala bilirlər, amma bəzən real pul xərclədiklərini anlamaya bilirlər. Valideynlər hesab üzərində nəzarət etməli və alış-veriş imkanlarını məhdudlaşdırmalıdır.
Valideyn nəzarəti alətləri
Robloks valideynlər üçün nəzarət alətləri təqdim edir. Bu vasitələrlə uşağın kimlə ünsiyyət qurduğunu, hansı oyunlara daxil olduğunu və oyun müddətini məhdudlaşdırmaq mümkündür. Məxfilik və bloklama ayarları da əlavə nəzarət imkanı yaradır.
Valideynlərin ala biləcəyi ehtiyat tədbirləri
Məxfilik parametrlərini tənzimləyin ki, yalnız tanıdıqları insanlar uşaqlarınızla əlaqə qura bilsin;
Söhbət funksiyasını söndürün və ya yalnız dostlarla məhdudlaşdırın;
Valideyn nəzarəti ilə alış-veriş imkanlarını məhdudlaşdırın;
Oynadıqları oyunları izləyin və onlarla oyun təcrübəsi barədə danışın;
Uşaqlarınıza internet təhlükələri və onlayn təhlükəsizlik haqqında məlumat verin.
Robloks düzgün istifadə olunduqda həm əyləncəli, həm də öyrədici ola bilər. Amma bu, yalnız valideyn nəzarəti və ailəvi ünsiyyətlə mümkündür. Uşaqların internetdə təhlükəsizliyi üçün valideynlər daim diqqətli olmalı və texnoloji vasitələrə tənqidi yanaşmalıdır. Təhlükəsizlik tədbirləri ilə təchiz edilmiş və nəzarət edilən bir Robloks təcrübəsi uşaqlar üçün həm maraqlı, həm də etibarlı ola bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
