Bu gün:

Henri Simeonis lənəti nədir?


1264-cü ildən 1827-ci ilə qədər Oksford Universitetində magistr dərəcəsi alan hər kəs xüsusi bir and içməli olub — and içiblər ki, Henri Simeonisi heç vaxt bağışlamayacaqlar.

Bu and yüzillər boyu təkrarlansa da, 1608-ci ilə qədər heç kim Henri Simeonisin kim olduğunu və niyə ona qarşı belə bir nifrət bəsləndiyini xatırlamayıb. Universitetin arxivlərində onun adına rast gəlinməyib, müəllimlər və tələbələr bu adın haradan gəldiyini bilməyiblər. Lakin bu ənənə halına gəlib və heç kim nə üçün belə edildiyini soruşmayıb.

Zaman keçdikcə müxtəlif fərziyyələr ortaya çıxıb.  Bəziləri iddia edib ki, Simeonis tələbələrdən birini qətlə yetirib və bu, Oksford tarixində ört-basdır edilmiş ilk cinayət olub. Digərləri isə onun bir dələduz olduğunu düşünüblər. Guya Oksford diplomunu saxtalaşdıraraq kral sarayında və ya kilsədə nüfuzlu vəzifəyə yiyələnib. Bir nəzəriyyəyə görə isə, o, universitetin müqəddəs saydığı bir sirri ifşa edib və buna görə əbədi lənətlənib. 

Buna baxmayaraq, and ənənəsi davam edib. Hər yeni magistr, Henri Simeonis adını bilmədən, anlamadan, bir daha geri qaytarılmayacaq şəkildə lənətləyib. Və bu ad, əsrlər boyu qaranlıqda, susqunluqda yaşamağa davam edib. 

Mənbə: Another History 

Tərcümə etdi: Səid Quliyev 


Paylaş
Şərh əlavə et