Artıq çəki atmaq haqqında çox danışılır, lakin bu çəkilərin, əslində, hara yoxa çıxdığı nadir hallarda sorğulanır. Düşünürük ki, onlar bir anda yox olur. Halbuki, məsələ bu qədər sadə deyil.

Çəkini azaltdıqda yağların birbaşa enerjiyə çevrildiyi fikri geniş yayılan, lakin səhv bir təsəvvürdür. Elmə əsasən bu düşüncə maddənin qorunması qanununa ziddir. Yəni maddə durduğu yerdə nə yox olur, nə də yaranır. Yağlar da sadəcə enerjiyə çevrilib yox olmur. Onların əsas çıxış nöqtəsi, əslində, ağciyərlərimizdir.
Verilən hər 10 kiloqram yağın təxminən 8.4 kiloqramı nəfəs vasitəsilə, yerdə qalan 1.6 kiloqram isə tər və ya sidik yolu ilə bədəndən xaric olunur. Orqanizmdəki yağ molekulları oksigenlə reaksiyaya girərək karbon qazı və suya çevrilir. Karbon qazı nəfəs vasitəsilə, su isə tər və sidik yolu ilə xaric edilir.
İnsan orqanizmi gündə orta hesabla 3.5 kiloqram qida və maye qəbul edir, buna əlavə olaraq təxminən 600 qram oksigen də alınır. Əgər bu 4.1 kiloqramlıq maddə miqdarı eyni formada xaric edilməzsə, zamanla çəkidə artım baş verir. Bu prosesin əsas hissəsi isə ağciyərlər vasitəsilə baş verir.
Hətta yalnız yatarkən belə, orqanizm gecə ərzində təxminən 200 qram karbon qazı xaric edir. Bu isə o deməkdir ki, biz səhər oyandıqda artıq arıqlama prosesinə başlayır. Gün ərzində gəzmək, ev işləri görmək və ya sadəcə ayaqüstə durmaq belə maddələr mübadiləsini sürətləndirir və daha çox karbon qazı ifrazına səbəb olur.
Çəki atmaq üçün möcüzəvi qarışıqlara və ya baha əlavələrə ehtiyac yoxdur. Orqanizmin artıq yağları necə xaric etdiyini anlamaq, əslində, nə etməli olduğunuzu da açıq şəkildə göstərir. Daha çox hərəkət etmək – daha çox nəfəs almaq deməkdir. Bu isə daha çox karbon qazı ifrazı ilə nəticələnir. Bütün proses isə riyazi qanunauyğunluqlara əsaslanır.
Mənbə: Onedio
Tərcümə etdi: Xavər Məmmədli
