
İngiltərədəki Plimut Universitetinin araşdırmasına görə, son 20 ildə okeanların beşdə birindən çoxu qaralıb.
“Okeanın qaralması” kimi tanınan bu proses suyun üst qatındakı fiziki dəyişikliklər işığın suya nüfuz etməsini çətinləşdirdiyi zaman baş verir.
“Fotik zona” adlanan bu üst təbəqədə bütün dəniz canlılarının 90 faizi yaşayır.
Global Change Biology” jurnalında dərc olunan araşdırmaya görə, 2003-2022-ci illər arasında okeanların 21 faizi qaraldı.
Bəs okeanlar niyə qaralır?
Tədqiqatlar okeanın qaralmasını müxtəlif səbəblərlə, o cümlədən dəniz səthinin temperaturunun dəyişməsi və plankton çiçəklənmə dinamikasında dəyişikliklərlə əlaqələndirib.
Qaralma ən çox qida maddələri ilə zəngin suyun səthə çatdığı sahilyanı ərazilərdə olur, burada da yağış suları, kənd təsərrüfatı suları və çöküntülər qəbul edilir, bu da öz növbəsində plankton çiçəklərini qidalandırır.
Dünyanın bir çox yerlərində iqlim dəyişikliyinin təsiri ilə ekstremal yağıntılar daha çox yayılmış və intensiv xarakter alır.
Açıq okeanın qaralması işığın qarşısını alan planktonla əlaqələndirilə bilər, halbuki dəniz səthinin temperaturunun artması plankton artımının səbəblərindən biridir.
Hansı sahələr təsirlənir?
Tədqiqat göstərib ki, təxminən Afrika böyüklüyündə, okeanın 9 faizindən çoxuna uyğun gələn ərazidə işığın dərinliyi 50 metr azalıb.
2,6 faizlik hissədə azalma 100 metrə çatıb.
Tədqiqat qeyd edib ki, fotik zonada azalma ən çox Gulf Stream sisteminin aşağı və yuxarı iki qütbündədir.
Qütb bölgələri iqlim dəyişikliyinin təsirindən ən çox təsirlənən bölgələr arasındadır.
Baltik dənizi kimi sahilyanı ərazilərdə və qapalı dənizlərdə də qaralma geniş yayılıb.
Araşdırma açıq okeanın da qaralmadan təsirləndiyinə diqqət çəkir.
Bu dəyişikliklərin dəqiq təsirləri hələ aydın olmasa da, elm adamları dəniz növlərinin və ekosistemlərin təsirlənə biləcəyini iddia ediblər.
Dəniz canlılarının qorunması sahəsində çalışan akademik Dr. Thomas Davies oxşar araşdırmaların daha əvvəl də aparıldığını və belə davam etdiyini vurğulayıb:
"Lakin bizim nəticələrimiz geniş miqyasda qaralmanın baş verdiyini sübut edir ki, bu da sağ qalmaq və çoxalmaq üçün günəş işığı və ay işığından asılı olan orqanizmlər üçün mövcud olan okeanın miqdarını azaldır".
İşığı qəbul edən suyun yuxarı təbəqəsi dəniz canlılarının əksəriyyətinə ev sahibliyi edir.
Bu bölmə fitoplankton adlanan bitkiyə bənzər orqanizmlərin fotosintez həyata keçirdiyi yerdir.
Bu mikroskopik orqanizmlər qida zəncirinin əsasını təşkil edir. Onlar su səthinin yaxınlığında tapılır, çünki fotosintez üçün günəş işığına ehtiyac duyurlar.
Bu səbəbdən bir çox dəniz canlısı qidanın bol olduğu fotik zonalarda ovlanır və çoxalır.
Fitoplankton həmçinin atmosferdəki oksigenin təxminən yarısını istehsal edir və karbon dövrü və okean həyatı üçün çox vacibdir.
Mənbə: BBC
Tərcümə etdi: Sona Osmanova
