Bu gün:

Alimlər toz diski içində su buzu aşkar ediblər


Alimlər ilk dəfə Günəşə bənzəyən cavan bir ulduzun ətrafındakı toz diskində su buzu aşkar ediblər. Bu kəşf planetlərin yaranması və Yer suyunun mənşəyi ilə bağlı nəzəriyyələr üçün mühüm dəlil sayılır.

Cohns Hopkins Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada NASA-nın Ceyms Vebb teleskopu Yerdən 155 işıq ili uzaqda yerləşən və cəmi 23 milyon yaşı olan HD 181327 ulduzunun ətrafında su buzu tapıb. Ulduz hələ planetlərini formalaşdırmayıb və sıx toz-gaz diski ilə əhatə olunub. Tədqiqatçılar suya xas kimyəvi izləri teleskopun infraqırmızı spektroqrafı ilə aşkarlayıblar.

Aşkarlanan buz əsasən, sistemin xarici hissəsindədir və Günəş Sistemindəki Kuiper Kəmərinə bənzəyir. Ulduza yaxınlaşdıqca buz azalır, bu da ulduzun ultrabənövşəyi şüalarının buzu buxarlaşdırması ilə izah olunur.

Tədqiqatçılar bildirirlər ki, bu cür buzlu strukturlar planetlərin formalaşmasını və onlara suyun daşınmasını asanlaşdırır, bu isə həyat üçün əlverişli şərait yarada bilər.

Hazırda ulduzun ətrafında toqquşmalar müşahidə olunur və bu, sistemin hələ də formalaşma mərhələsində olduğunu göstərir. Alimlər bu cür sistemləri araşdırmağa davam edəcəklər.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Ətirə İbayeva

Paylaş
Şərh əlavə et