Bu gün:

Deforestasiya və iqlim dəyişikliyi


İqlim dəyişikliyi, vəhşi təbiətin qorunması və dünya əhalisinin təmin olunması baxımından ağaclar həyati əhəmiyyət daşıyır.

Onlar karbon qazını və digər istixana təsiri yaradan qazları udaraq havanı təmizləyir və qlobal istiləşmənin qarşısını alırlar. Lakin qısa müddətli qazanc – yanacaq, tikinti və istehsal materialları üçün meşələr kütləvi şəkildə qırılır. Bu, təkcə iqlimə deyil, həm də canlıların yaşayış mühitinə ciddi zərər vurur.

Meşələrin qırılması eyni zamanda yoluxucu xəstəliklərin yayılma riskini artırır. Yeni virusların 60 faizi heyvanlardan insana keçir və bu keçid, əsasən onların təbii yaşayış yerlərinin – meşələrin – məhv olması ilə bağlıdır. Məsələn, Ebola virusunun yayılması bir uşağın yarasa yuvası olan ağacların yanında oynaması ilə başlamışdı.

Dünya 1990-cı ildən bəri 420 milyon hektardan çox meşə sahəsini itirib. Əsas səbəblər arasında kənd təsərrüfatı, palma yağı istehsalı, maldarlıq, mədən və qazıntı işləri, qanunsuz ağac kəsimi və şəhərlərin genişlənməsi dayanır. Amazon meşələrinin 17 faizi artıq məhv edilib. Bəzi hallarda isə meşə yanğınları və otarma kimi insan və təbiət faktoru birləşərək bu prosesi sürətləndirir.

Meşələrdə yaşayan yüzlərlə növ canlı – orangutanlar, Sumatran pələngi və quş növləri yaşayış yerlərini itirdikləri üçün yox olma təhlükəsi ilə üz-üzədir. Eyni zamanda, tropik meşələr su dövranına və hava balansına da böyük təsir göstərir. Amazonda baş verən meşə qırıntıları Braziliya və qonşu ölkələrin su təchizatına da zərbə vurur.

Bununla belə, ümidverici təşəbbüslər də var. Tanzaniyada bir ada icması 2 milyondan çox ağac əkib. Texnoloji yeniliklər, məsələn köhnə telefonlarla meşədə zəncir səslərinin izlənməsi qanunsuz ağac kəsmənin qarşısını almağa kömək edir. Braziliyada və digər ölkələrdə meşələrin qorunması uğrunda geniş hərəkatlar başlayıb.

İstehlakçılar olaraq biz də məsuliyyət daşıyırıq: aldığımız məhsulların davamlı və ekoloji cəhətdən təmiz olub-olmadığını yoxlamalıyıq. FSC və Rainforest Alliance kimi sertifikatlar bu baxımdan önəmlidir. Palma yağı kimi məhsulların istehsalı zamanı meşələrə nə dərəcədə zərər verildiyinə də diqqət yetirmək vacibdir.

Nəticə olaraq, meşələrin qırılması yalnız təbiətə deyil, insanlığa birbaşa təsir göstərir. Meşələri qorumaq, iqlim dəyişikliyinin qarşısını almaq, biyoçeşidliliyi saxlamaq və gələcək pandemiyaların yaranmasının qarşısını almaq üçün vacib addımdır. Bu, hələ də dəyişə biləcəyimiz bir gələcəkdir.


Mənbə: Natural History Museum

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et