Yuxuda kiməsə vurmaq istəyib, amma qolunuzu hərəkət etdirə bilmədiyiniz vaxt olub? Yumruğunuz sanki yavaşlayır və gücünü itirir. Təkcə siz yox, bir çox insan bu vəziyyəti tez-tez yaşayır. Üstəlik, bu, yalnız yumruq atmaqla məhdudlaşmır. Yuxularda sürətli qaçmaq, düzgün danışmaq və ya saatı oxumaq da eyni dərəcədə çətin olur.
Gündəlik həyatımızda ətraf aləmi göz, qulaq, əzələ kimi duyğu orqanlarımızdan gələn məlumatlarla qavrayırıq və beynimiz bu məlumatları qısa müddətli yaddaşda emal edir. Lakin yuxu zamanı xarici dünya ilə əlaqəmiz kəsilir.
Duyğu siqnalları gəlmədiyi üçün beynimiz yalnız xatirələr, xəyallar və düşüncələrdən istifadə edərək bir dünya qurur. Beyin, əskik məlumatları təxminlə dolduraraq bir simulyasiya yaradır və bu simulyasiya olduqca məhdud yaddaşa əsaslanır.
Qaçmaq və ya yumruq atmaq kimi hərəkətlər bədənin bir çox hissəsinin eyni anda işləməsini tələb edir. Bu isə əzələ hərəkətlərinin, oynaqların vəziyyətinin, tarazlığın və zəmin təsirlərinin hamısının birlikdə simulyasiya edilməsini vacib edir. Lakin yuxuda nə əzələlərdən məlumat gəlir, nə də xarici dünyanın təsiri olur. Yəni beyin, məsələn, yumruğun hədəfə çatması üçün lazım olan fiziki prosesləri və güc ötürülməsini ətraflı şəkildə hesablaya bilmir.
Həqiqi həyatda hərəkət edərkən ətrafdakı obyektlərin hərəkətini izləyir, məsafələri və sürəti vizual olaraq qavrayırıq. Bu optik axın beynimizin sürət və istiqamət kimi anlayışları mənimsəməsini təmin edir. Yuxuda isə bu vizual axın ya çox məhduddur, ya da ümumiyyətlə yoxdur.
Buna görə də beyin sürət hissini formalaşdıra bilmir. Yumruq atmaq və ya qaçmaq kimi hərəkətlər ətraf mühitlə qarşılıqlı təsir tələb edir. Halbuki yuxu dünyasında mühit sabitdir və bu da real hərəkət hissinin yaranmasına mane olur.
Yuxularda bəzi şeyləri edə bilməməyimiz basdırılmış hisslərin deyil, beynin texniki imkanlarının nəticəsidir. İşçi yaddaşımız məhduddur, dil mərkəzlərimiz yuxu zamanı passivdir, əzələlərdən məlumat gəlmir və ətrafımız real vaxt rejimində işləmir.
Mənbə: Onedio
Tərcümə etdi: Mina Yadigarlı
