Vyetnamın Quanq Binh əyalətində yerləşən Phonq Nha-Ke Banq Milli Parkındakı Hang Son Doong mağarası dünyanın ən böyük təbii mağarası hesab olunur. Mağaranı 1990-cı ildə yerli sakin Ho Khanh təsadüfən kəşf edib.

2009-cu ildə isə Britaniya-Vyetnam Mağara Tədqiqat Qrupu tərəfindən geniş şəkildə araşdırılıb və dünya ictimaiyyətinə tanıdılıb. Mağaranın uzunluğu təxminən 9 kilometr, hündürlüyü 200 metr, eni 160 metr, daxili həcmi isə 38,5 milyon kubmetrdir. Bu qədər böyük ölçülərə malik olan mağaraya 40 mərtəbəli bir göydələn və ya bir Boeing 747 təyyarəsi rahatlıqla yerləşə bilər.
Hanq Son Dunq mağarası təkcə ölçüsü ilə deyil, nadir ekosistemi ilə də seçilir. Tavanındakı çökəkliklərdən daxil olan günəş işığı burada tropik meşələrin yaranmasına şərait yaradıb. Mağarada yeraltı çaylar, göllər və müxtəlif canlılar mövcuddur. Alimlər burada yeddi yeni heyvan növü aşkarlayıblar.
Yeni kəşflər və genişlənən sərhədlər
2019-cu ildə aparılan araşdırmalar nəticəsində məlum olub ki, Hanq Son Dung yeraltı çaylar vasitəsilə yaxınlıqdakı Hanq Tunq mağarasına bağlıdır. Bu kəşf mağaranın daha da böyük olduğunu və ümumi həcmini təxminən 1,6 milyon kubmetr artırdığını göstərib.
Turizm və qoruma səyləri
Hanq Son Dunq 2013-cü ildən etibarən məhdud sayda turist üçün açıqdır. Ziyarətlər yalnız müəyyən vaxtlarda və bələdçi ilə mümkündür. Adətən 4-5 gün davam edən bu turların qiyməti təxminən 3000 dollardır. Mağaranın qorunması məqsədilə ziyarətçi sayı məhdudlaşdırılıb və turları yalnız Oxalis Adventure Tours şirkəti təşkil edə bilir.
Mədəniyyətin tanınması və medianın diqqəti
Hanq Son Dunq bütün dünyada böyük diqqəti cəlb etməyə davam edir. Mağara BBC-nin "Planet Earth III" sənədli filminin "Extremes" epizodunda nümayiş etdirilib və epizod 2024-cü ildə iki Emmy mükafatına namizəd olub.
Hanq Son Dunq mağarası təbiət həvəskarları və macəra həvəskarları üçün unikal kəşfiyyat yeri olaraq qalır. Bununla belə, bu nadir təbii quruluşun qorunması və davamlı turizm təcrübələri ilə gələcək nəsillərə ötürülməsi böyük əhəmiyyət kəsb edir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
