Bu gün:

Almaniyada sahibsiz körpələrin saxlanma yeri: Babyklappe


Almaniya başda olmaqla, bəzi Avropa ölkələrində mövcud olan Babyklappe, arzuolunmaz və ya valideynləri tərəfindən baxıla bilməyən körpələrin təhlükəsiz şəkildə buraxılmasını təmin edən bir sistemdir.

Almaniya “arzuolunmaz körpə” qutuları (Babyklappe) olan ölkələrdən biridir. Bu qutular baxıla bilməyən və ya valideynləri tərəfindən qəbul edilməyən körpələrin təhlükəsiz şəkildə əmanət olunması üçün nəzərdə tutulub. Qəribə səslənsə də, əslində, bu sistemin arxasında humanist bir məqsəd dayanır: körpələrin küçələrə atılmasının və nəticədə həyatlarının təhlükəyə düşməsinin qarşısını almaq.

Qutular adətən xəstəxana və ya sosial xidmət müəssisələrinin girişinə yaxın yerlərdə yerləşdirilir. Ana və ya ata körpəni qutunun içinə qoyur, qutunu bağladıqdan bir neçə dəqiqə sonra isə içəridə siqnal işə düşür. Bu siqnal yalnız tibb heyətinə xəbərdarlıq edir və xaricdən hiss olunmur. Beləliklə, məxfilik tam şəkildə qorunur. Tibb heyəti dərhal körpəni götürərək ilkin tibbi müayinədən keçirir. Daha sonra körpə sosial xidmətlər çərçivəsində ya himayədar ailəyə verilir, ya da övladlığa götürülmə prosesi başlanır.

Əgər ana tərk etdiyi körpəni geri qaytarmaq istəyirsə və qutuda öz məlumatlarını qoyubsa, bu proses daha asan şəkildə həyata keçirilir. Ana müvafiq müəssisə ilə əlaqə saxlamalı, vəziyyəti izah etməli və şəxsiyyəti yoxlanıldıqdan sonra hüquqi prosedurlar baş tutur. Körpənin təhlükəsizliyi dövlət tərəfindən prioritet kimi qəbul olunur.

Əgər ana qutuda heç bir məlumat qoymayıbsa, o zaman körpənin yerləşdiyi müəssisə ilə əlaqə yaradılmalı və müvafiq prosedurlar izlənməlidir. Əgər ana öz məlumatlarını qoyub, lakin daha sonra əlaqə saxlamayıbsa, uşaq 16 yaşına çatdıqda bioloji ailəsi haqqında məlumat almaq hüququna malik olur. İstədiyi təqdirdə, onu tərk etmiş bioloji ana haqqında məlumat əldə edə bilər.

Bu sistem vasitəsilə arzuolunmaz körpələrin küçəyə, zibilliyə və ya digər təhlükəli mühitlərə atılmasının qarşısı alınır.

Mənbə: Buzz feed

Tərcümə etdi: Mina Yadigarll

Paylaş
Şərh əlavə et