Texnologiyanın inkişafı ilə dünyaya saniyələr içində bağlana, uzaqdakı insanlarla dərhal əlaqə qura bilirik. Sosial media və video zənglər bizi bir-birimizə yaxın göstərsə də, insanlar getdikcə daha çox tənha hiss edirlər.
Bəs bu qədər ünsiyyət imkanına baxmayaraq, niyə özümüzü bu qədər yalnız hiss edirik?
Saxta yaxınlıq
Sosial media insanlara sevdikləri ilə daim əlaqədə olma imkanı versə də, bu münasibətləri səthiləşdirir. Şəkil bəyənmək və ya hekayəyə reaksiya vermək emosional bağlılıq yaratmır. Minlərlə dostu olan insanlar belə, dərin münasibətlər qura bilmirlər. Nəticədə isə, bu süni yaxınlıq hissi zamanla yerini tənhalığa verir.
Daimi bağlanma dərin münasibətlərə xələl gətirir
Daim onlayn olmaq münasibətlərə mənfi təsir göstərir. Mesajlara tez cavab vermək və hər an əlçatan olmaq insanlara təzyiq yaradır. Bu, həm vaxt çatışmazlığına, həm də diqqət çatışmazlığına səbəb olaraq dərin münasibətlərin formalaşmasına mane olur. Nəticədə, insanlar daha çox stress yaşayır və özlərini daha tənha hiss edirlər.
Qeyri-adekvat hiss etmək və müqayisə mədəniyyəti
Sosial media başqalarının həyatını izləmək imkanı verir, amma bu, özümüzü onlarla müqayisə edib pis hiss etməyimizə səbəb olur. İnsanlar yalnız ən yaxşı anlarını paylaşır, bu isə bizim həyatımızı daha az dəyərli görməyimizə yol açır. Başqalarının xoşbəxtliyini izləmək tənhalığımızı artırır və daxili dünyamızdan uzaqlaşdırır.
Süni sosial əlaqələr və emosional əlaqənin olmaması
Texnologiya və sosial media insanları bir araya gətirsə də, emosional bağ yaratmaqda zəifdir. Əsl dostluq üzbəüz ünsiyyət və birlikdə vaxt keçirmə ilə qurulur. Rəqəmsal əlaqələr isə dərin duyğuları ifadə etməkdə çatışmır. Buna görə də, çoxlu “dost” olsa da, əsl məmnuniyyət yox, tənhalıq artır.
Yalnızlıq hissindən qurtulmaq mümkündür mü?
Texnologiya təklik hissini artıra bilər, amma bu problemi həll etmək mümkündür. Üz-üzə görüşlər, dərin söhbətlər və mənalı münasibətlər yaratmaq üçün daha çox diqqət yetirmək lazımdır. Həmçinin, sosial mediyanı şüurlu və ölçülü istifadə etmək əlaqələri daha dərin edə bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
