Zəlzələlər saniyələr içində yer üzündə böyük dağıntılara yol aça bilən təbii hadisələrdir. Ancaq bu hadisələrin arxasında güclü və mürəkkəb geoloji proseslər dayanır. Bəs zəlzələlər niyə və necə baş verir?
Zəlzələ nədir?
Zəlzələ yer qabığında baş verən qırılmalar zamanı yaranan enerjinin dalğalar şəklində yer səthinə yayılmasıdır. Bu dalğalar yerin və üzərindəki hər şeyin silkələnməsinə səbəb olur. Zəlzələ zamanı sanki yer nəfəs alır, uzanır və rahatlayır. Bu hərəkət nəticəsində hiss olunan təkanlar yaranır.
Zəlzələnin əsas səbəbi: Yer qabığının hərəkəti
Yer qabığı böyük parçalara, yəni plitələrə bölünüb. Bu plitələr Yerin daxili qatlarında daim, amma çox yavaş hərəkət edir. Zamanla bu yavaş hərəkətlər güclü təzyiq yaradır.
Plitələr bir-birinə sürtülür, yaxınlaşır və ya uzaqlaşır. Bu hərəkətlər zamanı yer qabığında toplanan enerji qəfildən boşaldıqda zəlzələ baş verir. Enerji yerin altındakı bir nöqtədən yayılır və bu nöqtəyə fokus, yer səthindəki qarşılığına isə episentr deyilir.
Zəlzələlərin müxtəlif növləri:
Hər zəlzələ eyni şəkildə baş vermir. Aşağıda bəzi ümumi zəlzələ növləri var:
Tektonik zəlzələlər: Plitələrin hərəkəti nəticəsində baş verir. Ən çox yayılmış və ən dağıdıcı zəlzələ növüdür.
Vulkanik zəlzələlər: Vulkanların püskürməsi və ya lavanın hərəkəti nəticəsində baş verir.
Çökmə zəlzələləri: Yeraltı boşluqların (mədənlər, mağaralar) çökməsi nəticəsində baş verir.
Süni zəlzələlər: Bəndlər, böyük tikinti işləri və ya nüvə partlayışları nəticəsində baş verə bilər.
Zəlzələdən əvvəl enerji necə yığılır?
Plitələr daim hərəkət etsə də, səthə yaxın yerlərdə bu hərəkətə müqavimət göstərilir. Yer qabığı dərhal qırılmır, bu proses uzun zaman alır. Zamanla bu müqavimət nəticəsində stress, yəni gərginlik yaranır. Stress çoxaldıqda və artıq dözümsüz hala çatdıqda yer qabığı qırılır və zəlzələ baş verir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
