Elm dünyasında irəli sürülən əsas nəzəriyyələrdən biri olan “Qaia hipotezi” Yer planetini sadəcə üzərində həyat olan bir qaya parçası kimi deyil, bütün sistemləri bir yerdə işləyən canlı orqanizm kimi təqdim edir.

Bəs "Qaia hipotezi" nə deməkdir?
İngilis alimi Ceyms Lavlok və mikrobioloq Lin Marqulis 1970-ci illərdə "Qaia hipotezi"ni irəli sürüblər. Bu hipotezə görə, Yerdəki canlılar ilə onların yaşadığı fiziki atmosfer, okeanlar və quru bir-biri ilə daima qarşılıqlı əlaqədədir. Bu əlaqə sayəsində Yer kürəsi yaşamaq üçün əlverişli və sabit bir vəziyyətdə qalır. Hipotez adını yunan mifologiyasındakı yer ilahəsi "Qaia"dan alıb.
Canlılar və dünya arasında balans
Lovelokun fikrincə, canlılar yalnız ətraf mühitə uyğunlaşmır, həm də onu yaşayış üçün əlverişli edir. Məsələn bitkilər karbon qazını azaldır, okeanlar temperaturu tənzimləyir. Bu proseslər Yerə həyat üçün lazım olan şərtləri milyardlarla il qorumağa kömək edir.
Qaia fərziyyəsi ilk vaxtlar elm dünyasında tənqid olunub. Bir çox alimlər bu fikrin Yerin şüurlu varlıq olduğu və mistikaya yaxın olduğunu düşünürdü. Amma zamanla fərziyyənin daha yumuşaq formaları qəbul edildi və, xüsusilə, ekologiya, iqlim elmi və davamlılıq sahələrində önəmli rol oynayıb.
Müasir elmdə mövqeyi nədir?
Bu gün "Qaia hipotezi" bir elmi qanun olmasa da, ekosistemlərin bir-biri ilə bağlı olduğunu anlamaq üçün güclü bir metafora kimi istifadə olunur. İqlim böhranı kimi problemlər qarşısında bu fərziyyə bizə “Biz təbiətdən ayrı deyilik, onun bir parçasıyıq?” sualını xatırladır.
"Qaia hipotezi" Yerə baxışımızı tam dəyişdirir. O, planetimizi sadəcə resurs kimi yox, mürəkkəb və zərif bir sistem olaraq görməyimizi təmin edir. Ətraf mühitin nə qədər kövrək olduğunu gündəlik yaşadığımız bu dövrdə Qaianın mesajı daha da güclü təsir edir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
