
İqlim dəyişikliyinin nəticələri ilə müxtəlif yollarla mübarizə aparmaq olar. Kimisi etiraz edir, kimisi isə təbiətin bərpasına kömək edir, Kanadalı gənc Antuan Mozes kimi.
25 yaşında Antuan Mozes Kanada boyunca yüz minlərlə müxtəlif ağac tingləri əkib və qeyri-adi bir rekord müəyyənləşdirib. Alberta əyalətinin La-Krit şəhərindən olan gənc, bir gün ərzində 23 060 ağac əkib ki, bu da bir insanın 24 saatda əkdiyi ən böyük ağac sayı kimi tanınıb.

Mozesun rekordu qeydə alınıb və rəsmi olaraq tanınıb. Ginnes Rekordlar Kitabının komitəsi bu nailiyyəti təsdiqləyən sertifikat təqdim edib.
“Mən fəxrlə deyirəm ki, rəsmi olaraq Möhtəşəməm. Bu sınaqdan keçməyimə kömək edən inanılmaz komandama təşəkkür edirəm!”, – deyə rekordsmen sosial şəbəkələrdə yazıb.
Antuan Mozes iki il ərzində ağacəkmə rekordu qırmağı planlaşdırıb. Lakin uyğun fiziki formaya və sürətə çatmaq ona 4-5 il vaxt aparıb. Rekorda hazırlaşmaqda ona 6 nəfərlik komanda kömək edib. Amma ağacların əkilməsi prosesini Antuan özü yerinə yetirib. Çətin olub, amma gənc bunun öhdəsindən gəlib. Üstəlik, Mozesin əlavə motivasiyası da olub. Rekorddan bir il əvvəl, ağac əkimi zamanı onun yaxın rəfiqəsi faciəvi şəkildə həlak olub və o, onun xatirəsinə memorial təqaüd üçün vəsait toplamaq məqsədilə çalışıb. Sosial şəbəkələrdə milyonlarla insanın izlədiyi rekord videosu bu məqsədə çatmasına kömək edib.
Əzmkarlığı sayəsində Antuan əvvəlki ağacəkmə rekordunu qırıb. Həmin rekord da digər Kanadalı, Kenni Çaplinə məxsus olub. O, hələ 2001-ci ildə 24 saat ərzində 15 170 ağac əkib.
Antuan Mozes ağac əkməyə hələ yeniyetmə yaşlarından başlayıb. Gəncin sözlərinə görə, o, həmişə sərhədləri aşmağı xoşlayıb. Üstəlik, o, bitki əkimi sahəsində yaxşı bacarıqlara sahib olduğunu tez bir zamanda anlayıb. Antuan ağacəkmə mövsümləri arasında idman formasını qoruyub saxlayıb ki, bacarıqlarını itirməsin.
İllərlə göstərdiyi əzmkarlıq nəticəsində Antuanın dediyinə görə, o, bütün Kanada üzrə 1,5 milyondan çox bitki əkib. Bu yolla o, qlobal istiləşmə və iqlim dəyişikliyinin əsas səbəblərindən biri sayılan meşələrin qırılmasına qarşı mübarizə aparıb və meşə yanğınlarından sonra təbiətin bərpasına kömək edib. Üstəlik, gənc göstərmək istəyib ki, tək bir insan da planetin sağlamlığı üçün nələrsə edə bilər.
Antuan Mozes dayanmağı planlaşdırmayıb və 48 saat ərzində ən çox ağac əkmə üzrə yeni rekord müəyyənləşdirmək istəyib.
Mənbə: www.tvrus.eu
Tərcümə etdi: Fatimə Kərimli
