Bu gün:

Şotlandiyada cadugərlik tarixi


1560-cı illərdən 1700-cü illərə qədər cadugər ovları Şotlandiyada geniş yayılıb, ən azı 4000 nəfər ittiham olunub və minlərlə insan edam edilib. Bu müddətdə “pilliwinks” (baş barmaqlara taxılan vintli işgəncə alətləri), ayaqları əzən çəkmələr və “cadugər yəhəri” kimi dəhşətli və amansız işgəncə metodlarından istifadə olunub.

Həm Şotlandiyanın, həm də İngiltərənin kralı bu qəddar cadugərlik məhkəmələrində bilavasitə rol oynayıb. Norveç və ABŞ-də də eyni dövrdə geniş miqyaslı cadugər ovları baş verib və orada həmin insanların xatirəsinə memoriallar ucaldılıb. İndi isə Şotlandiyada da bu insanları anmaq üçün rəsmi tartan təqdim olunub. 

Hazırda “cadugər estetikası” qlobal şəkildə populyarlaşıb. Filmlər və seriallar, məsələn, “Practical Magic 2” və “Domino Day” bu marağın artdığını göstərir. Bu da sübut edir ki, neopaganizm və müasir cadugərlik yüksəlişdədir. Müasir cadugərlər təbiətə sitayiş, tarot, otlar və kristallarla ritual və sehrləri dini təcrübə kimi qəbul edirlər. Bu, həm fərdi güclənmə vasitəsi, həm də Wicca kimi dini icmalara aidiyyət formasında ola bilər.

Witches of Scotland tartanı bu dövrün simvolik mənasını daşıyan “canlı memorial”dır: qara və boz rənglər həmin qaranlıq dövrü və yandırılanların külünü təmsil edir, qırmızı qurbanların qanını simvollaşdırır, çəhrayı isə o dövrdə və indi istifadə edilən qanuni sənədlərdəki lentləri. Bu tartan Zoe Venditozzi və Claire Mitchell tərəfindən aparılan beş illik kampaniyanın nəticəsidir. Onların “Cadugəri necə öldürməli: Patriarxat üçün Bələdçi” kitabında Kral Ceymsin səyahətindən başlayan hekayə yer alır. Co-müəllif Mitchell, eyni zamanda, cinayət hüququ və insan haqları üzrə vəkil bildirir ki, “James VI və I cadugər məhkəmələrinə böyük təsir göstərib”. O, “Daemonology” adlı kitabında cadugərlərin necə tapılıb cəzalandırılacağını yazıb. Bu kitab geniş yayılıb və cəmiyyətə təsir edib.

Judith Langlands-Scott adlı tarixçi qeyd edir ki, insanlar hələ də baş verənlərdən təsirlənirlər: “James özünü Tanrının nümayəndəsi sayıb və cadugərlərin çoxaldığını düşünüb. Anası Mary Queen of Scots-un ölümündən sonra onu elə tərbiyə ediblər ki, qadınları zəif və şeytana meyilli hesab edib”. Onun sözlərinə görə, cadugərlikdə ittiham olunanlar adətən yaşlı, əlil, kor və ya alkoqol asılılığı olan kasıb insanlar olub. Presbyterian kilsəsinin liderlik etdiyi cəmiyyət onları sosial yük hesab edərək aradan qaldırmaq istəyib.

Kitab təkcə qəddarlıqları yox, həm də dövrün absurdluğunu qaranlıq yumorla təqdim edir. Venditozzi deyir: “Qadın olmaq bəzən dəhşətli vəziyyətlərdə belə gülməyi bacarmağı tələb edir”. Özlərini cadugər “eksperti” elan edən kişilərin qəribə üsulları və iddiaları satirik tərzdə təqdim olunur.

Yandırılma mifləri də kitabda təkzib olunur. Venditozzi bildirir ki, “onlar adətən həm şeytanın onları diriltməsinin qarşısını almaq, həm də onların cənnətə getməsinə mane olmaq üçün əvvəlcə boğulub öldürülür, sonra isə cəsədləri yandırılır ”.

Müəlliflərin podkastı milyonlarla dinləyici cəlb edir. Müasir cadugərlər bu hərəkatı dəstəkləyir, çünki onlar da bəzən təcrid olunur və diskriminasiyaya məruz qalırlar. Amma müəlliflər vurğulayır ki, bugünkü cadugərlər o dövrdə ittiham olunanlarla eyni deyillər, çünki o insanlar sadəcə günahsız vətəndaşlar idilər.

Bugünkü "cadugər estetikasının" populyarlığı bu tarixi romantikləşdirirmi? Mitchell buna belə cavab verir: “Xeyr. Müasir cadugərlik anlayışı tamamilə fərqlidir. O vaxt cadugərlik şeytanla əlaqələndirilən cinayət idi. İndiki anlayış isə fərdi inancla bağlıdır”.

Mənbə: Bbc news

Tərcümə etdi: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et