Yeni bir araşdırma, gündəlik həyatda uzun müddət oturmanın və ya uzanmağın, edilən məşq miqdarından asılı olmayaraq Alzheimer riskini artıra biləcəyini müəyyən etdi.
Mütəxəssislər uzun müddətdir ki, həftədə ən azı 150 dəqiqə idman etməyin sağlamlıq üçün əhəmiyyətini vurğulayıblar. Bununla belə, ABŞ-da Vanderbilt Universitetinin Tibb Mərkəzi tərəfindən aparılan hərtərəfli araşdırma, sadəcə olaraq aktiv olmağın kifayət etmədiyini iddia edib.
HƏRƏKƏT LAZIMDIR

“Alzheimer's & Dementia” jurnalında dərc olunan araşdırma 7 il ərzində 50 yaşdan yuxarı 400-dən çox insanı izləyib. İştirakçılardan bir həftə ərzində fiziki fəaliyyətlərini izləyən cihazlar taxmaları istəndi. Bu məlumatlar daha sonra beyin skanları və idrak testləri ilə müqayisə edildi.
Gün ərzində daha çox oturan insanlar, hətta idmanla məşğul olsalar da, Alzheimer xəstəliyinin göstəricisi olan beyin kiçilməsi və koqnitiv geriləmə əlamətləri göstərdilər. Öyrənmə və yaddaş üçün xüsusilə kritik bir bölgə olan hipokampusun həcmində əhəmiyyətli bir azalma aşkar edildi.
Tədqiqat, Alzheimer üçün genetik risk faktoru daşıyan APOE-e4 geni olan şəxslərdə hərəkətsizliyin təsirinin daha güclü olduğunu göstərdi. Məlumdur ki, bu genin dünyada hər 50 nəfərdən birində rast gəlinir və xəstəlik riskini 10 dəfəyə qədər artıra bilir.

Tədqiqatın aparıcı müəllifi, San-Fransiskodakı Kaliforniya Universitetindən doktor Marissa Qoqniat bildirib ki, tapıntılar sağlam qalmaq üçün tək idmanın kifayət etmədiyini göstərir:
"Alzheimer riskini azaltmaq üçün gündə bir dəfə məşq etmək kifayət deyil. Uzun müddət oturmaqdan çəkinmək riski azaltmaq üçün açardır".
Nevrologiya mütəxəssisi Prof.Anjela Cefferson isə xüsusilə Alzheimer riski olan yaşlı insanların gün ərzində tez-tez hərəkət etmələri lazım olduğunu vurğuladı:
"Gün ərzində oturmağa tez-tez fasilələr vermək və aktiv qalmaq beyin sağlamlığı üçün həyati əhəmiyyət daşıyır".
Mənbə: NTV
Tərcümə etdi: Sona Osmanova
