Çoxumuz eşitmişik ki, sağlam qalmaq üçün hər gecə 8 saat yatmaq vacibdir. Amma bu qayda, doğrudan, hamıya eyni dərəcədə aiddir?
Alimlər bu mövzuda tam razılığa gəlməyiblər. Çünki yuxuya olan ehtiyac insandan insana fərqlənə bilər – yaş, həyat tərzi və hətta genetik amillər bu müddətə təsir göstərir. Yuxu haqqında düşündüyümüzdən daha çox yanlış fikirlər mövcuddur. Əslində, insan orqanizminin bir çox digər xüsusiyyətləri kimi, yuxu da fərdi bir prosesdir.
Araşdırmalar göstərir ki, sağlam böyüklər üçün 7-9 saat yuxu idealdır. Amma bu ehtiyac yaşa görə dəyişir. Məsələn, körpələrə 14-17 saat, məktəbli uşaqlara 9-11 saat, yeniyetmələrə 8-10 saat, yaşlılara isə 7-8 saat yuxu tövsiyə olunur. Deməli, '8 saat yatmalısan' fikri hər kəs üçün keçərli deyil.
Tez-tez deyilən fikirlərdən biri də bədəni az yatmağa öyrətməkdir. Amma mütəxəssislər bunun mümkün olmadığını deyirlər. Çox insan 6 saatdan az yatanda performans itirir, amma bunu hiss etmir. Yuxu mütəxəssisi Cynthia LaJambe bildirir ki, insanlar yuxusuzluğa öyrəşdiyini düşünsələr da, əslində funksional itkilər yaşayırlar.
Genetik mutasiyaya görə az yatıb enerjili qalan insanlar olsa da, bu çox nadir haldır. Ümumiyyətlə, bədəni az yuxuya öyrəşdirmək mümkün deyil və bunu zorla etmək sağlamlığa zərər verə bilər.
Çox yatmağın da az yatmaq kimi riskləri var. Araşdırmalar göstərir ki, həm az, həm də çox yuxu piylənmə və ölüm riskini artıra bilər. Uzun yatmaq faydalı görünsə də, bu həmişə doğru deyil. Alimlər hələ də bu sahədə araşdırmalar aparırlar. Qısacası, yuxu miqdarı balanslı olmalıdır.
Bəs gün ərzində yatmaq faydalıdırmı?
Araşdırmalara görə, qısa gündüz yuxuları diqqət, reaksiya və əhval-ruhiyyəni yaxşılaşdırır. Amma uzun yatmaq dərin yuxuya səbəb olub, oyandıqda yuxululuq hissi yarada bilər. Həddindən artıq gündüz yuxusu isə bəzi sağlamlıq risklərini artırır.
Tədqiqatlar göstərir ki, müntəzəm qısa yuxular ürək və beyin sağlamlığına faydalı ola bilər. Amma uzunmüddətli təsirləri müəyyənləşdirmək üçün daha çox araşdırma aparılmalıdır.
Mənbə: onedio
Tərcümı etdi: Selcan İbişli
