Dəniz külək təsərrüfatları sıfır iqlim məqsədlərinə nail olmaq yarışında bütün dünyada genişləndikcə diqqəti cəlb edən həyəcanverici hadisələr də artır.
Bəzi hallarda külək stansiyaları bir-birinin hava axınlarına təsir edərək enerji istehsalını azalda bilər. Hollandiyanın "Whiffle" şirkətində bərpa olunan enerji və hava proqnozlaşdırması üzrə ixtisaslaşan tədqiqatçı alim Peter Baas izah edir: “Külək turbinləri enerji istehsal edir və bu enerji birbaşa havadan alınır. Küləkdən enerji çıxarıldıqca onun sürəti azalır”.
Külək hər turbinin arxasında qarşısındakına nisbətən daha zəif əsir. Bunun səbəbi turbinlərin hava axınını dəyişdirərək burulğan yaratması və nəticədə küləyin sürətinin azalmasıdır. Bu təsir bəzən külək təsərrüfatının hüdudlarından kənarda da hiss olunur.
Xüsusilə iri və sıx qurulmuş dəniz külək stansiyalarının arxa hissədəki hava axınına təsiri bəzi hava şəraitində 100 kilometr və ya daha artıq məsafəyə qədər uzana bilər. Tədqiqatçılar bildirirlər ki, bu təsir çox vaxt onlarla kilometr boyunca davam edir.
Araşdırmalar göstərib ki, bir külək stansiyası digərinin önündə yerləşərsə, arxada yerləşən stansiyanın enerji istehsalı 10% və ya daha çox azala bilər.
Dəniz külək enerjisi sahəsində ixtisaslaşan norveçli hüquqşünas Eirik Finserås bu hadisənin “külək oğurluğu” kimi tanındığını qeyd edir. Lakin o bildirir: “Külək oğurluğu termini bir qədər yanıltıcıdır, çünki heç kim küləyə sahib deyil və sahib olmadığınız bir şeyi oğurlamaq mümkün deyil”.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
