Kristofer Nolanın 2014-cü ildə çəkdiyi elmi fantastika filmi Interstellar təkcə dramatik süjet xətti və möhtəşəm vizual effektləri ilə deyil, həm də möhkəm elmi təməli ilə seçilir.

Film zaman səyahəti, soxulcan dəlikləri, qara dəliklər və nisbilik nəzəriyyəsi kimi mürəkkəb fiziki anlayışları kino sənətinin incəlikləri ilə birləşdirərək tamaşaçıya təqdim edir. Bu elmi əsasların formalaşmasında isə tanınmış nəzəri fizik Kip Tornun elmi məsləhətçi kimi iştirakı mühüm rol oynayıb.
Soxulcan dəlikləri və kosmos-zaman bükülmələri
Filmin əsasını insanlıq üçün yaşamağa yararlı yeni bir planet tapmaq məqsədilə kosmosa yola düşən bir heyətin hekayəsi təşkil edir. Bu səyahət, Saturnun yaxınlığında qəfil meydana çıxan bir soxulcan dəliyi (qurd dəliyi) sayəsində mümkün olur. Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə əsaslanan bu nəzəri quruluşlar iki uzaq nöqtə arasında qısa yollar yarada bilir. Mövcud texnologiyamız bu cür keçidlər yaratmaq və ya onlardan istifadə etmək imkanına malik olmasa da, filmdə təqdim olunan təsvirlər elmi nəzəriyyələrlə böyük ölçüdə uyğunluq təşkil edir.
Qara dəliklər və zamanın genişlənməsi
Filmdəki Qarqantua adlı qara dəlik elmə ən yaxın vizual təsvirlərdən biri hesab olunur. Kip Tornun hesablamaları əsasında yaradılan bu görüntü sonradan elmi dairələrdə də istinad kimi qəbul edilib. Qarqantua ətrafında zamanın Yerdəkindən xeyli yavaş axması isə Eynşteynin nisbilik nəzəriyyəsinə əsaslanır. “Bir saat Yerdəki yeddi ilə bərabərdir” səhnəsi bu hadisənin dramatik təsviridir.
Beşinci vahid və Kvant cazibə nəzəriyyələri
Filmin sonuna yaxın Kuper qara dəliyin mərkəzində “tesserakt” adlı beşinci ölçülü bir struktura daxil olur. Bu səhnə, kvant cazibə və sim nəzəriyyəsi kimi müasir fizika anlayışlarının bədii şərhi kimi qəbul oluna bilər. Reallığa nə qədər uyğun olduğu mübahisəli olsa da, bu səhnə elmi ideyaların kino vasitəsilə araşdırılmasının təsirli bir nümunəsidir.
Elm və incəsənətin harmoniyası
İnterstellar elmi dəqiqliklə kinematoqrafiya arasında nadir bir tarazlıq yarada bilib. Kip Tornun məsləhətçiliyi sayəsində filmin bir çox səhnəsi fizika qanunlarına uyğun şəkildə qurulub. Torn bu film əsasında “Ulduzlararası Elm” adlı kitab da nəşr etdirərək filmin elmi əsaslarını daha ətraflı izah edib.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
