Adi bir avtomobil siqnalı, hər hansı restoranın eyvanından gələn musiqi və ya küçənin ortasında ağlayan bir uşaq-hər biri səs-küy hesab olunur. Və davamlı olaraq insan qulağının yüksək səs səviyyəsinə məruz qalmağı məqsədəuyğun hesab olunmur. Zamanla yüksək səs-küyün fəsadları özünü büruzə verməyə başlayır, orqanizmdə ciddi dəyişikliklər baş verir.
Mövzu ilə bağlı "24media.az"a açıqlama verən nevroloq Rəna Abbasova deyir ki, səs-küyə məruz qalmağın nevroloji nəticələri sırasında ilk yeri xroniki stress tutur. Yəni daimi səs-küy insanda xroniki stress yaradır, insanın düşünməsinə, ani qərar verməsinə, davranışlarına mənfi təsir edir.

"Eyni zamanda, xroniki stress daim kartizolun səviyyəsini yüksək saxladığına görə, yuxusuzluğun yaranması qaçılmaz olur. Stress vəziyyətində olan orqanizmdə yuxunun pozulması, stress hormonunun artması görülür. Bu səbəbdən yüksək səs-küy çox ciddi narahatlıqlara səbəb ola bilər", - deyə nevroloq qeyd edir.
Rəna Abbasovanın sözlərinə görə, yüksək səs-küy həm də eşitmənin zədələnməsinə gətirib çıxara bilər.
"Yüksək səs-küylü yerlərdə çalışan insanlarda tədricən eşitmə sinirinin zədələnməsi baş verə bilir. Ağır eşitmə və ya tam karlığa qədər problemlər yarana bilir. Nevroloji olaraq yüksək səs-küyün nəticəsini həm də belə görə bilirik ki, stress fonunda gərginlik tipli yaranan baş ağrılarının meydana gəlməsi də qaçılmazdır. Miqren ağrılarına təkan verə bilər. Çox vaxt miqren xəstələrinin ağrıları başlayanda onlar çalışırlar ki, səssiz, sakit yerə çəkilsinlər. Lakin həddindən artıq səs-küylü yerdə dolayısıyla ağrıların şiddətlənməsi baş verə bilir", - deyə nevroloq əlavə edir.
Həkim onu da vurğulayır ki, belə məqamda koqnitiv funksiyaların zədələnməsinə də rast gəlinir. Eyni zamanda, səs-küy səbəbi ilə yaddaşın get-gedə zəifləməsi də görülür ki, bu da beyində qalıcı olaraq yaddaş bölgəsinə mənfi təsir edə bilər.
"Funksional olaraq zəifləməyə səbəb ola bilər ki, bu da gələcəkdə daha ciddi yaddaş xəstəliklərinin yaranmasında bilavasitə rol oynaya bilər. Zəncirvari olaraq yüksək səs-küyün nəticəsi olan yuxunun pozulması ilə yaranan digər xəstəliklər mübadilə prosesləri, arterial təzyiqin artması, hipertoniklərdə təzyiqin tənzimlənməsində problem yarana bilər. Şəkərli diabetin ağırlaşmasında, arterial təzyiqi olanlarda xəstəliyin kəskinləşməsinə səbəb ola bilər", - deyə o, bildirir.
Nevroloq Rəna Abbasova deyir ki, belə halların qarşısını almaq üçün pasiyentlər sakitləşdirici fəaliyyətlərə üstünlük verməlidir.
"Məsələn, yoqa fəaliyyətləri ola bilər. Maksimum dərəcədə gərək olmadığı halda yüksək səsli yerlərdən uzaq durmaq tövsiyə olunur", - deyə nevroloq fikrini yükunlaşdırır.
Məryəm Cəfərli
