Bu gün:

Sosial şəbəkələrdə qida trendləri-Qida mühəndisi ilə müsahibə


Müasir dövrdə sosial şəbəkələrdə yayılan yemək videoları, xüsusilə, gənclər və uşaqlar arasında sürətlə yayılmaqda davam edir. TikTok və Instagram kimi platformalarda yağlı, acılı və həddindən artıq miqdarda yemək qəbulunu göstərən kontentlər həm psixoloji, həm də fiziki sağlamlığa ciddi təsirlər göstərir. Mütəxəssislər və ictimai fəallar bu tendensiyanın Azərbaycan cəmiyyətinə də ciddi şəkildə yayıldığını bildirirlər.

 

Qloballaşma, texnologiyanın sürətli inkişafı və insanların arzularını dərhal reallaşdırmaq istəyi bir çox sahələr olduğu kimi qidalanma vərdişlərinə də təsirsiz ötüşməyib. Əvvəllər “sağlam yemək” anlayışı əsas diqqət mərkəzində olurdusa, indi internetdə “həddindən artıq yemək”, “çox şirin və ya acılı qidalar” trendləri insanlara vizual olaraq cəlbedici gəlsə də, uzunmüddətli nəticələri ciddi narahatlıq doğurur. Psixoloji narahatlıqlar, piylənmə, azyaşlıların sağlamlıq problemləri və hətta intiharlara qədər aparan zəncirvari təsirlər sosial şəbəkə kontentinin cəmiyyətə dolayısı ilə təsir etdiyini göstərir.


Bu məsələlər barəsində araşdırmalar aparan qida mühəndisi və nutrisioloq Fərid Səfərov fikirlərini bizimlə bölüşüb.




Sosial şəbəkələrdə paylaşılan yemək videoları qidalanma vərdişlərinə necə təsir edir?


Belə videolar insanların qidalanma davranışlarına birbaşa təsir göstərir. Vizual olaraq cəlbedici şəkildə təqdim olunan yüksək kalorili yeməklər iştahanı artırır və tez-tez sağlam olmayan seçimlərə səbəb olur. Beyin vizual yaddaş vasitəsilə bu təsirləri uzunmüddətli olaraq yadda saxlayır.

 

Gənclər niyə bu trendlərə qoşulur?


Çünki gənclər bəzən şəxsiyyətlərini tam formalaşdırmamış olurlar və sosial mühitin təsiri ilə kiməsə bənzəməyə çalışırlar. Bu da özünə inamın zəifləməsi və təsir altına düşməklə əlaqədardır. Bəziləri üçün bu, tanınmaq və diqqət çəkmək vasitəsinə çevrilir.

 

Belə videoların məqsədi nədir?


Əslində, bu videoların böyük əksəriyyəti kommersiya məqsədi daşıyır. Məqsəd izləyicilərin diqqətini çəkərək məhsulların reklamını aparmaq və satışları artırmaqdır. İnsan beynində yeməyə qarşı süni ehtiyac formalaşdırılır.

 

Uşaqlara bu kontentin təsiri necə olur?


Uşaqlar üçün bu kontent olduqca zərərlidir. Onlar erkən yaşlardan qeyri-sağlam qidalanma modellərini mənimsəyir, bu isə gələcəkdə piylənmə, qida asılılığı, davranış pozuntuları və psixoloji çətinliklərlə nəticələnə bilər. Əgər valideyn vaxtında müdaxilə etməzsə, bu proses daha da dərinləşir və bəzən geriyə dönüş çətin olur.

 

Azərbaycanda bu trend nə dərəcədə yayılıb?


Son illərdə bu tendensiya ölkəmizdə də geniş yayılmağa başlayıb. İnsanların bir qismi çox yeyir, digərləri isə ya çox az qida qəbul edir, ya da balanssız və qeyri-sağlam şəkildə qidalanır. Bununla belə, sevindirici haldır ki, artıq sağlam qidalanma ilə bağlı maarifləndirmə kampaniyalarına da başlanılıb. Lakin bu təşəbbüslərin daha intensiv və davamlı olması vacibdir.

 

Yerli influenserlər bu işə necə yanaşır?


Təəssüf ki, bir çox yerli kontent istehsalçıları bu mövzuya şüursuz yanaşır. Onlar izləyici sayı və gəlir uğrunda sağlamlıq risklərini gözardı edirlər. Əgər bu sahədə qidalanma üzrə mütəxəssislər və dietoloqlar da prosesi yönləndirsəydi, nəticələr daha sağlam və faydalı olardı.

 

Qida təhlükəsizliyi və maarifləndirmə işləri aparılırmı?


Bəli, bu istiqamətdə seminar və təlimlər təşkil olunur. Lakin belə tədbirlərin daha geniş auditoriyanı əhatə etməsi, davamlı və məqsədyönlü şəkildə aparılması maarifləndirmə baxımından daha təsirli olar. Xüsusilə məktəblərdə və ictimai yerlərdə bu tip məlumatların çatdırılması cəmiyyətin sağlam gələcəyi üçün vacibdir.

 

Sosial şəbəkələrin sürətlə inkişaf etdiyi müasir dövrdə insanlar virtual dünyada gördüklərini real həyata daşımağa meyllidirlər. Qida trendləri, baxış sayı və maraq naminə çəkilən videolar hər nə qədər əyləncəli görünsə də, fonunda sağlamlığa və psixoloji vəziyyətə ciddi ziyan vura bilər. İctimai maarifləndirmə, peşəkar yanaşma və medianın bu mövzuda məsuliyyətli davranışı problemin qarşısını almaqda vacib rol oynayır.

Paylaş
Şərh əlavə et