Amerika ədalət sisteminin tarixində elə hadisələr var ki, illər keçsə də, hələ də insanı sarsıdır. Bu hadisələrdən biri də XX əsrdə ABŞ-da ölüm cəzasına məhkum olunmuş ən gənc şəxs olan Corc Stinni ilə bağlıdır.
1944-cü ildə, Cənubi Karolina ştatında 14 yaşlı afroamerikalı yeniyetmə iki ağ dərili qızın — Betti Cun Binniker (11 yaş) və Meri Emma Taymsın (7 yaş) vəhşicəsinə öldürülməsində günahlandırılıb. Qızların cəsədi Stinninin evinin yaxınlığında tapılıb və polis deyib ki, o, bu cinayəti etiraf edib. Amma bu etiraf valideynsiz, vəkilsiz və heç bir qeydsiz dindirmədən sonra alınıb.
Məhkəmə cəmi bir gün çəkib, münsiflər heyəti 10 dəqiqədən az vaxtda qərar verib. Corcun hüquqlarını müdafiə etməyə imkan verilməyib: təyin olunmuş vəkil nə şahid çağırıb, nə də ittihamları ciddi şəkildə sorğulayıb. Həbsdən iki ay sonra Corc Stinni ölüm cəzasına məhkum edilib. Onun cəmi 14 yaşı olub, çəkisi 40 kilo, boyu isə 150 santimetrdən bir az çox. 1944-cü il iyunun 16-da elektrik stulunda edam edilib.
Onilliklər sonra bu iş ədalətsizliyin, irqçiliyin və uşaq hüquqlarının pozulmasının simvoluna çevrilib. 2014-cü ildə, edamdan 70 il sonra, Cənubi Karolina məhkəməsi hökmü ləğv edib. Hakim bildirib ki, Corc ədalətli məhkəmə prosesi yaşamayıb və onun etirafı yəqin ki, təzyiq altında alınıb.
Corc Stinninin həyatı və ölümü Amerika ədalət tarixinin ən ağır və utancverici səhifələrindən biri kimi yadda qalıb.
Mənbə: Death Penalty İnformation Center
Tərcümə etdi: İbrahim Çobanlı