Qəfil ürək dayanması dünyada minlərlə insanın ölümünə səbəb olur. Son araşdırmalar göstərir ki, düzgün həyat tərzi və bəzi sadə vərdişlər bu riski əhəmiyyətli dərəcədə azalda bilər.

Dünyada ilk dəfə aparılan genişmiqyaslı tədqiqata görə, şampan və ağ şərabdan istifadə etməsi, meyvə yemə vərdişinin artırılması, çəkiyə nəzarət, qan təzyiqinin normada saxlanması, müsbət psixoloji əhval-ruhiyyə və təhsil səviyyəsinin yüksəldilməsi qəfil ürək dayanması riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Qəfil ürək dayanması – ürəyin elektrik sistemindəki pozuntu nəticəsində baş verən və ürəyin normal ritmində nasazlıq yaradan, çox vaxt ölümcül nəticələnən bir haldır. Hər il milyonlarla insan bu səbəbdən həyatını itirir. Qan dövranının qəfil dayanması beyin və orqanlara oksigen çatdırılmasını dayandırır və bu, bir neçə dəqiqə içində ölümlə nəticələnə bilər.
Şanxay Fudan Universitetinin alimlərinin rəhbərlik etdiyi bu araşdırma Böyük Britaniyanın Biobank məlumatları əsasında 500 min insan üzərində aparılıb və 14 il ərzində izlənilib. Bu müddət ərzində 3,147 nəfərdə qəfil ürək dayanması qeydə alınıb.
Araşdırmada həyat tərzi, ətraf mühit, sosial-iqtisadi vəziyyət və psixososial amillərlə bağlı 56 qeyri-klinik risk faktoru təhlil olunub. Tədqiqatçılara görə, bu faktorların müəyyən hissəsi dəyişdirilərsə, qəfil ürək dayanması hallarının 40-63%-nin qarşısı alınması mümkündür.
Ən maraqlı nəticələrdən biri şampan və ağ şərabdan istifadə etməsinin ürək üçün qoruyucu təsir göstərməsidir. Bu nəticə, uzun illər yalnız qırmızı şərabın ürək sağlamlığına faydalı olduğu fikrini yenidən müzakirəyə açıb. Tədqiqatçılar qeyd ediblər ki, müəyyən miqdarda və nəzarətli istifadə faydalı ola bilər, lakin alkoqolun zərərləri də nəzərə alınmalıdır.
Mənbə: Gazeteoksijen
Tərcümə etdi: Mina Yadigarlı
