Bu gün:

Netflix yeni PR gedişi ilə qorxudub: Nubbin nədir?


“Texnologiya həddini aşıb” ifadəsini getdikcə daha çox eşidirik — çünki bəzi sahələrdə süni intellekt iş yerlərini təhlükə altına alıb, həyatımız demək olar ki, tamamilə onlayn müstəviyə keçib və hər gün daha qəribə ixtiralar təqdim olunub. Amma bu dəfə narahatlıq doğrudan da əsaslı olub: internetdə “yaddaşın idarə olunması üçün çip” adlı yeni bir məhsul populyarlaşıb.


“Nubbin” adlanan çip “TCKR Systems” şirkəti tərəfindən hazırlanıb və “virtual şüura daxil olmaq” — yəni yuxuları və keçmiş xatirələri yenidən yaşamaq imkanı yaradıb. Şirkətin saytında belə bir şüar yer alıb: “Mükəmməl reallıq? Sənin beynindədir. Həqiqi reallıq darıxdırıcıdır. Daha yaxşısına keçməyin vaxtıdır.”


“Nubbin” TikTok-da 17 000-dən çox izləyicisi olan şəxsi səhifə yaradıb və məşhurların, influenserlərin iştirakı ilə yayımlanan reklamlarda geniş maraq doğurub.

Reklam çarxlarında istifadəçilər gicgahlarında yerləşdirilən Nubbin düyməsini basıblar, sonra gözləri ağarıb və sanki başqa bir dünyaya keçiblər — real həyatdan tamamilə qopublar.


“Nubbin” reklamları YouTube-da, LinkedIn-də və hətta küçə reklam lövhələrində də yayımlanıb. Bir izləyici videonun şərhlərində belə yazıb: “Niyə onların gözləri ağarır? Bu texnologiya deyil, cinlərlə əlaqə və ya qara sehrdir.” Başqa biri zarafatla qeyd edib: “Elə bil 2076-cı ilin TikTok-una düşmüşəm.”


Amma bu qədər real görünməsinə baxmayaraq, təsdiq edə bilərik ki, “Nubbin” — həqiqi deyil. Bu, “Netflix” tərəfindən məşhur “Black Mirror” serialının yeni mövsümünü tanıtmaq üçün hazırlanmış mürəkkəb (və olduqca baha başa gəlmiş) PR kampaniyası olub.


“TCKR Systems” — ilk dəfə “San Junipero” adlı epizodda təqdim olunmuş uydurma bir şirkətdir və real dünyanı rəqəmsal aləmlə birləşdirib. Gözlənilir ki, bu şirkət yeddinci mövsümdə, xüsusilə “Eulogy”, “Hotel Reverie” və “USS Callister” davamı olan bölümlərdə əsas rol oynayıb. Bir çox insanı texnologiyanın qorxulu gələcəyinə inandıran bu PR aksiyası, serialın premyerasını səbirsizliklə gözləməyə vadar edib.


Şayiələrə görə, yaxın vaxtlarda Böyük Britaniyada izləyicilərə “Black Mirror” dünyasına əsaslanan VR təcrübələr təqdim olunacaq. Onlar burada serialda göstərilən texnologiyaları — o cümlədən Nubbin-i — özləri şəxsən sınaqdan keçirə biləcəklər. Görünür ki, “qara güzgü” bizim reallığımıza daha da yaxınlaşıb.


Mənbə: www.indy100.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et