Bu gün:

May ayında toy olmaz?


24Media.az-ın budəfəki müsahibləri sosioloq Lalə Mehralı və ilahiyyatçı Rüfət Qarayevdir. Onlar may ayında toyların keçirilməməsinin səbəblərindən danışıblar.

Sosioloq Lalə Mehralı bu cür batil inancların tək bizdə yox, bəzi ölkələrdə də mövcudluğundan danışıb. 

Köhnə rus inanclarında da bu haqda məlumatlara rast gəlmək olur. Bu mövhumatın mənşəyinin ayın adından irəli gəldiyi ehtimal olunur. Ruslar “май” sözünün “маятся” sözündən yarandığını düşünürlər, rus dilindən tərcümədə bu söz əziyyət, zülüm çəkmək, pis şəraitdə yaşamaq, özünü əldən salmaq, yorucu işlə məşğul olmaq deməkdir. Buna görə Rusiyada cütlüklər böyüklərin təhriki ilə əsrlər boyu may ayında toylardan qaçırdılar.

Qədim Romada hətta Yunan miflərində də may ayında toy etməyin bədbəxtlik gətirəcəyi barədə inanclar olub. Elə Avropada da may toylarının uğursuzluğu haqqında dedi-qodular olub.

Lakin bizim böyüklər bunu təbiətin oyandığı vaxt əkin işlərinin çoxluğu ilə əlaqələndirirlər. Təsəvvür edin, may gəlib, əkin işləri yeni başlayıb, bütün ili ehtiyacınızı təmin edəcək məhsulu əldə etmək üçün çox çalışmaq lazımdır, siz isə üstəlik, may ayında toy da planlaşdırmısınız. May ayında hətta 1 həftə əkin işlərindən uzaqlaşmaq məhsulun itirilməsinə səbəb ola bilər. Əgər məhsul bol olmasa gənclər necə evlənəcək? Lap evlənsələr də, bütün ili necə firavan yaşayacaqlar? “Mаятся” sözü necə yerinə düşür burada, deyilmi? Amma indi bu tabu yıxılıb, gənclər may ayında toy edirlər və məncə burda qəribə heç nə yoxdur.

"Dini baxımdan heç bir qadağa yoxdur"

May ayında toy etməyin İslam dinində qadağan olunmasına dair heç bir dini əsas yoxdur. Bu məsələyə dair hər hansı bir qadağa və ya tövsiyə Qurani-Kərimdə və ya hədislərdə yer almır. İslam dini insanların həyatında asanlıq, rahatlıq və şəffaflıq prinsiplərini üstün tutur və toy kimi sevincli hadisələrdə müəyyən bir ayın seçilməsi ilə bağlı məhdudiyyət qoymur.

Əksinə, İslamda əgər iki insan halal və düzgün şəkildə evlənmək niyyətindədirsə, onların birləşməsi bəyənilir və təşviq olunur. Lakin İslamda bəzi aylar, məsələn, Məhərrəm və Səfər aylarında toy edilməməsi daha çox hörmət və ənənəvi ehtiram xarakteri daşıyır. 

May ayında toy etməməklə bağlı düşüncə isə daha çox xalq inancları və adət-ənənələrlə əlaqəlidir. Bəzi bölgələrdə "may" sözünün "məyusluq", "uğursuzluq" kimi yozulması bu inancın formalaşmasına səbəb olub. Ancaq bu yalnız mədəni və psixoloji bir refleksdir, dini baxımdan heç bir qadağa yoxdur.

Çinarə Tarverdiyeva

Paylaş
Şərh əlavə et