1486-cı ildə məşhur inkvizitor Heinrich Kramer Malleus Maleficarum (“Cadugərlərin Çəkici”) adlı bir kitab nəşr etdi.
Cadugərləri tanımaq və mühakimə etmək üçün nəzərdə tutulmuş bu bələdçi sonrakı cadugərlik məhkəmələrinə böyük təsir edən bir çox ideyanı kodlaşdırdı: cadugərlərin əsasən qadın olduğu, şeytanla müqavilə bağladıqları, impotensiyaya, məhsulsuzluğa, xəstəliklərə və insanlarla heyvanların ölümünə səbəb olan sehrlər istifadə etdikləri kimi inanclar. Lakin Malleus Maleficarum, 14 və 15-ci əsrlər boyunca baş vermiş, magiya, mənəviyyat və qadınlarla bağlı düşüncələrin bir araya gəlib faciəli bir stereotip yaratdığı bir inkişafın nəticəsi idi. Bu bloq yazısında biz həmin düşüncə xətlərini və ilk ittiham olunan cadugərlərin hekayələrini araşdırırıq.
Mamaçalar və bitki müalicəçiləri
Ən qədim dövrlərdən bəri qadınlar sağlamlıq xidmətlərinin əsas təminatçıları olublar. Rəsmi səhiyyə sisteminin olmadığı bir cəmiyyətdə qeyri-rəsmi qadın praktikantlar şəbəkəsi tibbi müalicələr təqdim edir, hamiləlik və doğuş zamanı qadınlara yardım edirdi. Müalicə üsulları qan almaqdan tutmuş bitki mənşəli dərmanlara və sehrli dualara qədər dəyişirdi. Bəzən bu biliklərdən tibbi olmayan məqsədlərlə də istifadə olunurdu – sevgi duaları düzəltmək, itmiş əşyaları tapmaq və gələcəyi proqnozlaşdırmaq kimi.
Qadınlarla fövqəltəbii qüvvələr arasında əlaqə həm də onların orta əsr dini mədəniyyətində ruhani görənlər kimi mühüm rol oynaması ilə bağlı idi. Görənlərin fövqəltəbii aləmdən mənzərələr görə bildiyinə və Allah, müqəddəslər və ya mələklərlə əlaqə quraraq gizli biliklər əldə etdiklərinə inanılırdı. Görənlər qadın da ola bilərdi, kişi də, lakin qadınlar üçün bu yol onların fərdi dini nüfuz əldə edə bildikləri azsaylı yollardan biri idi. Bəzi qadın görənlər təcrübələrini yazıya alaraq dini ədəbiyyatda mühüm əsərlər yaratmışlar — məsələn, Hildegard von Bingen, İsveçli Birgitta, Siena’dan Katerina və Norwichli Julian.
Bu ittihamlar göstərir ki, İngilis siyasətində fəal olan qadınlara, xüsusilə də diplomatik deyil, sevgi əsasında kral ailəsinə ərə gedərək status-kvonu pozan və — Eleanor Cobham və Elizabeth Woodville kimi — nisbətən sadə təbəqədən çıxıb sosial pillələri qalxan qadınlara qarşı böyük qorxu vardı. Alice Kyteler və Jeanne d’Arc daxil olmaqla bu nümunələrin hər birində, cadugərlik ittihamları iddialı və nüfuzlu qadınları gözdən salmaq üçün əlverişli vasitəyə çevrilmişdi — və qadınlar bu ittihamları təkzib edə bilmirdilər.
Mənbə: The British Library
Tərcümə etdi: Arzu Qafarova
