Bu gün:

Emoji nə zaman ixtira olunub?


Bu gün mesajlaşarkən tez-tez istifadə etdiyimiz, hiss və düşüncələrimizi kiçik simvollarla ifadə etməyimizə kömək edən emojilər həyatımızın əvəzolunmaz hissəsinə çevrilib. Bəs bu rəngarəng və mənalı simvollar ilk dəfə nə vaxt meydana çıxıb? Emojilərin maraqlı ixtira hekayəsinə nəzər salaq.


Emoji nədir?

Emoji sözü yapon mənşəlidir. “E” hərfi şəkil, “moji” isə obraz deməkdir. Beləliklə, emoji sadəcə "şəkil obrazı" deməkdir. Bu gün istifadə etdiyimiz emojilər rəqəmsal dünyada hissləri, düşüncələri və bəzən hadisələri ifadə etmək üçün istifadə etdiyimiz kiçik rəqəmsal simvollardır. Bu həm ünsiyyətimizi gözəlləşdirir, həm də uzun izahatlar vermədən hisslərimizi ifadə etməyə imkan verir.


Emojinin yaranması

Emojilərin tarixinə nəzər saldıqda ilk addımların 1980-ci illərdə atıldığını görürük. 1982-ci ildə “ABŞ”nin Karnegi Mellon Universitetində işləyən kompüter alimi Skott Fahlman onlayn yazışmalarda yumor və emosiyaları daha yaxşı ifadə etmək üçün ":-)" (gülər üz) və ":-(" (kədərli üz) kimi simvol birləşmələrindən istifadə edib. Bu ifadələr "emoticon" adlanırdı və emojilərin əcdadları hesab olunur.


Vizual və rəngarəng emojilərin ixtirası 1999-cu ildə Yaponiyada baş verib. Yapon telekommunikasiya şirkəti “NTT Docomo”da işləyən mühəndis Şigetaka Kurita insanlara öz hisslərini və düşüncələrini mətn mesajlaşmalarında daha asan ifadə etməyə kömək etmək üçün xüsusi nişanlar dəsti hazırlayıb. Kurita 176 sadə, lakin mənalı ikona hazırlayıb. Bu ilk emojilər yalnız 12×12 piksel ölçüdə idi və hava, emosiyalar, fəaliyyətlər və s. kimi müxtəlif mövzuları təmsil edib.


Bu kiçik ikonaları tərtib edərkən Kurita manqadan, Yapon komikslərindən və ənənəvi Kanci şriftlərindən ilhamlanıb. Emojilər Yaponiyada tez bir zamanda cazibə qazanıb və digər texnoloji şirkətlər oxşar ikonaları inkişaf etdirməyə başlayıblar.


Emojilərin qlobal yayılması

Əvvəlcə yalnız Yaponiyada məşhur olan emojilər uzun müddət başqa ölkələrdə istifadə edilməyib. Lakin 2010-cu ildə böyük bir addım atılıb. Beynəlxalq şrift standartı olan Unicode rəsmi simvol dəstinə emojilər əlavə etməyə başlayıb. Bu yolla hansı cihaz və ya əməliyyat sistemindən istifadə etməyimizdən asılı olmayaraq göndərilən emojilərə bütün istifadəçilər düzgün baxa bilər.


Apple, Google, Microsoft və Facebook kimi nəhəng şirkətlərin emojiləri sistemlərinə inteqrasiya etməsi ilə emojilər qısa zamanda bütün dünyada gündəlik ünsiyyətin əvəzsiz hissəsinə çevrilib. Bu gün milyardlarla insan hər gün mesajlaşmalarında emojilərdən istifadə edir.


Emojilər bu gün

Hazırda Unicode standartında 3600-dən çox emoji var və hər il yeni emojilər əlavə olunmağa davam edir. Bu, artıq yalnız üz ifadələri deyil; Bayraqlar, heyvanlar, yeməklər, fəaliyyətlər və sair üçün emoji seçimləri var.


Xüsusilə sosial mediada, mesajlaşma proqramlarında və bloq yazılarında emojilər ünsiyyəti daha səmimi, əyləncəli və təsirli edir. Bəzi hallarda, emoji hətta uzun bir cümlənin öz-özünə deməyə çalışdığını ifadə edə bilər.



Mənbə: Fikrimucit

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et