1962-ci il iyunun 12-də 3 nəfər Alkatrazdan qaçıb və bir daha heç yerdə görünməyib. Frank Morris və Anqlin qardaşlarının son taleyi sirr olaraq qalır, lakin onların ABŞ-nin ən təhlükəsiz həbsxanasından cəsarətli qaçışı, ixtiraçılığı və qətiyyəti hələ də insanları heyrətləndirməkdə davam edir.

1964-cü ilin may ayında BBC Panorama proqramının müxbiri Maykl Çarlton San-Fransisko körfəzinin dalğalı suları ilə əhatə olunmuş məşhur Alkatraz həbsxana adasını görmək üçün “cinayətkarlar aləmində ən qorxulu səyahət”ə çıxıb. “Qaya” ləqəbli federal cəzaçəkmə müəssisəsi ABŞ-nin ən təhlükəli cinayətkarlarından bəzilərinə ev sahibliyi edib. O, alınmaz bir qala hesab olunurdu. Lakin 1962-ci il iyunun 12-si səhər saatlarında 3 nəfər qeyri-mümkün hesab edilən bir şeyi bacararaq, qaçıblar .
Alkatraz əvvəlcə körfəz girişini qorumaq üçün hərbi müdafiə qalası kimi tikilib. ABŞ Vətəndaş Müharibəsi zamanı adanın təcrid olunması, sıldırım qayalıqları və onu əhatə edən sürətli, soyuq axınlar səbəbilə Konfederasiya məhbusları burada saxlanılıb. 20-ci əsrin əvvəlində o, hərbi həbsxana kimi yenidən qurulub. 1930-cu illərdə ABŞ Qadağalar dövründə geniş yayılmış mütəşəkkil cinayətkarlıqla mübarizə aparmağa çalışarkən Ədliyyə Departamenti bu obyekti öz nəzarətinə götürüb. Tezliklə federal həbsxana sisteminin ən təhlükəli məhkumları bura göndərilməyə başlanıb. Alkatrazın ən məşhur məhbusları sırasında bədnam qanqsterlər Al Kapone, Mickey Cohen və Corc “Machine Gun” Kelly, həmçinin sonralar “Alkatraz quşçusu” kimi tanınan qatil Robert Stroud da olub. BBC-nin müxbiri Çarlton belə deyib: “Bu insanlar adi həbsxanada saxlanmaq üçün çox qəddar və təhlükəlidirlər”.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
