Argentina Prezidenti Xavyer Miley ölkəyə sığınmış nasistlərlə bağlı arxiv materiallarını ictimailəşdirib. Nəticədə, 10 mindən çox alman hərbi cinayətkarı haqqında 1850 sənəd dərc edilib.
Məlumata görə, bu sənədlər əvvəllər ABŞ-a ötürülmüş və onların əsasında İsveçrənin "Kredit Suisse" bankına qarşı istintaq başlanıb. Bank nasistlərin hesablarına xidmət göstərməkdə ittiham olunur.
Açıqlanan sənədlərdə "Auşvitsin ölüm mələyi" kimi tanınan Yozef Menqelenin, SS zabitləri Erix Priebke və "Lion qəssabı" ləqəbli Klaus Barbiyə aid məlumatlar yer alır. Həmçinin Xorvatiyanın Ustaşa hərəkatının lideri Ante Paveliçin adı da çəkilir.
Bundan əlavə, Argentina hakimiyyəti 1957–2005-ci illər arasında imzalanmış 1200-dən çox məxfi prezident fərmanını da açıqlayıb. Bu fərmanlar silah alqı-satqısı, büdcə dəyişiklikləri, ölkə kəşfiyyat xidmətinin fəaliyyəti, 1960–70-ci illərdə "kommunizmə qarşı mübarizə" və digər milli əhəmiyyətli mövzuları əhatə edir.
Mənbə: Another History
Tərcümə etdi: Səid Quliyev
