Dünyanın təxminən üçdə ikisi sularla örtülüdür və qayaların üzərindən axan şəlalələr təbiətin ən böyük möcüzələrindən biri sayılır. Yer kürəsinin müxtəlif bölgələrində kəşf edilməli olan saysız-hesabsız möhtəşəm şəlalələr mövcuddur. Onların bəziləri eni və hündürlüyü ilə xüsusi diqqət çəkir və ziyarətçilərdə unudulmaz təəssüratlar yaradır.
Venesuelada yerləşən Angel şəlaləsi 980 metr hündürlüyü və 808 metr dərinliyi ilə dünyanın ən hündür şəlaləsi hesab olunur. Bu epik təbiət möcüzəsi 1933-cü ildə aviator Ceyms Encel tərəfindən Venesuela cəngəlliyi üzərində uçarkən kəşf edilib. Angel şəlaləsi kəşf olunduqdan sonra sirrini itirib və Venesuelanın simvollarından birinə çevrilib. Onun başgicəlləndirici suları və ətrafındakı möhtəşəm mənzərələr, bura dünyanın ən məşhur turistik məkanlarından birinə çevirib.
Aşağıda isə dünyanın ən böyük və məşhur şəlalələrindən bir neçəsi təqdim olunur:
Tugela şəlaləsi – Cənubi Afrikanın Drakensberg dağlarında yerləşən bu şəlalə ümumi 947 metr hündürlüyü ilə Angel şəlaləsindən sonra ikinci yerdə durur. Xüsusilə yağışlı mövsümdə öz möhtəşəm görüntüsü ilə turistlərin diqqətini çəkir.
Yosemite şəlaləsi – ABŞ-nin Kaliforniya ştatında, Yosemite Milli Parkında yerləşən bu şəlalənin ümumi hündürlüyü 739 metrdir. Yaz aylarında suyun axını maksimuma çatdığından, turistlər üçün ən populyar ziyarət vaxtıdır.
Viktoriya şəlaləsi – Zimbabve və Zambiya arasında yerləşən bu təbii möcüzə 108 metr hündürlükdən dərəyə axır. Genişliyi və gücü ilə məşhurdur və Afrika qitəsinin ən təsirli şəlalələrindən biridir.
İquasu şəlaləsi – Braziliya və Argentina arasında yerləşən bu şəlalə dünyanın ən təsirli təbii mənzərələrindən birini təqdim edir. 82 metr hündürlükdə olan şəlalə YUNESCO tərəfindən “Dünya Mirası” elan edilib və hər iki ölkədən ziyarət edilə bilir.
Niaqara şəlaləsi – Kanada və ABŞ sərhədində yerləşən bu məşhur şəlalə 52 metr hündürlüyə malikdir. Saniyədə 3000 ton su axını ilə dünyanın ən güclü su axınlarından birinə sahibdir və hər il milyonlarla insan tərəfindən ziyarət olunur.
Skogafoss şəlaləsi – İslandiyanın ən çox ziyarət edilən təbii gözəlliklərindən biri olan Skogafoss təxminən 70 metr hündürlükdən axır. Təmiz havası, möhtəşəm mənzərəsi və bir çox məşhur film və seriallarda yer alması ilə tanınır
Mənbə:CNN TÜRK
Tərcümə etdi: Səmayə Səftərova
