Fransanın mərkəzindən axan Luara çayı ötən gecə nadir bir təbiət hadisəsi ilə işıqlanıb və çayın üzərindəki ağ-mavi parıltılar ulduzları xatırladaraq hər kəsi heyran edib.
Alimlər bu mənzərənin səbəbini “biolüminessensiya” adlanan hadisə ilə izah edirlər. Yaz fəslində temperatur və rütubətin artması nəticəsində çayda yaşayan bəzi plankton növləri işıq saçmağa başlayır. Amma bu qədər güclü işıq saçması son 20 ildə ilk dəfə baş verib.
Çayın yaxınlığında yaşayan insanlar bu gözəlliyi “Bu gecə çay sanki səmanı yerə endirdi” sözləri ilə təsvir ediblər. Hadisəni görmək və görüntüləmək üçün fotoqraflar və təbiətsevərlər çay kənarına toplaşaraq səhərə qədər orada qalıblar.
Fransanın Ətraf Mühit və Ekologiya Nazirliyi bu parıltıların təbiətə zərər vermədiyini, lakin suyun tərkibində dəyişikliklərin izlənəcəyini bildirib. Həmçinin bu cür hadisələrin ekoturizm üçün böyük imkanlar yaratdığı vurğulanıb.
Fransada baş verən bu möcüzə həm elm adamlarını, həm də təbiətsevərləri heyran qoymağa davam edir.
Mənbə: Evrim ağacı
Tərcümə etdi: Dilbər Paşazadə
