Bu gün:

"Beata Beatrix" - Dante Gabriel Rossetti


"İncəsənətin inciləri" rubrikası "Beata Beatrix" əsərini təqdim edir. 

Dante Gabriel Rossettinin məşhur "Beata Beatrix" rəsmini izləyərkən ilk baxışdan sadəcə bir qadının portretini gördüyünüzü düşünə bilərsiniz. Amma bu, adi bir portret deyil, itirilmiş sevginin, ilhamın və əbədi bir xatirənin rənglərlə danışdığı sakit bir fəryaddır.

Rossetti bu əsəri ilk dəfə 1870-ci ildə tamamlayır. İlham qaynağı isə yalnızca sənətin deyil, həyatının da mərkəzində duran həyat yoldaşı və sevdiyi Elizabeth Siddal olur. Siddal Rossettinin həyatında yalnız model deyil, həm də ilham mələyi olub. Amma həyat sənətin davam edə bilməsi üçün bəzən ən ağır qurbanı tələb edir. Siddal 1862-ci ildə vəfat edir. Onun ölümü Rossettini sarsıdır, amma eyni zamanda, "Beata Beatrix" kimi dərin mənalı bir əsərin doğmasına səbəb olur.

Rəsmdə təsvir edilən qadın isə, əslində, başqa bir Beatrice, Dante Alighieri-nin "La Vita Nuova" əsərindəki ölümsüz sevgisi Beatrice Portinaridir. Amma Rossetti bu ədəbi obrazı Siddalın sifəti ilə canlandırır. Elə bu da əsəri sadəcə bir illüstrasiya yox, şəxsi bir etiraf, bir sevgi monoloquna çevirir.

Əsərdəki simvollar da çox mənalıdır. Beatricenin gözləri qapalıdır, sanki ölüm anını yaşayır. Qırmızı göyərçin bir sevgi elçisidir, dimdiyində tutduğu ağ xaşxaş isə Siddalın ölümünə səbəb olan laudanumu təmsil edir. Hər detalın arxasında duyğu var. Rəsm sadəcə baxmaq üçün deyil, hiss etmək üçündür.

Rossetti bu əsəri bir neçə versiyada çəkir. Sonralar dostu William Graham üçün hazırladığı versiyada orijinala yeni qatlar əlavə edir, fonu zənginləşdirir, işığı dəyişir, hətta Dante və Beatricenin cənnətdə görüşünü göstərən predella ilə rəsmə yeni hekayə qatır.

Hekayə burada bitmir. Son versiya 1877-ci ildə başladılır, lakin Rossettinin ölümündən sonra tamamlanmamış qalır. Onun dostu Ford Madox Brown bu yarımçıq işi başa çatdırır. Bu dəfə göyərçin ağ rəngdədir və qırmızı xaşxaş daşıyır.

Bu gün "Beata Beatrix" əsərinin müxtəlif versiyaları Britaniya, Çikaqo və Şotlandiyadakı sənət qalereyalarında nümayiş olunur. Hər biri bir parçanı saxlayır. Bir qadının, bir rəssamın və bir sevginin izini.

Rossettinin özü bu əsəri "Ölüm anının təsviri deyil, qəfil ruhani dəyişmənin idealı" adlandırıb. Bəlkə də, bu səbəbdən bu tablo hələ də susaraq danışa bilir, baxanı bir anlıq sükuta qərq edir və sonra içindəki hekayəni pıçıldayır.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et