Bu gün:

“Bruklin vampiri“



Albert Fish — ABŞ kriminal tarixinin ən qorxunc adlarından biridir. Ona “Bruklin vampiri”, “Boz adam” və “East Side dəlisi” kimi adlar verilib. 1870-ci ildə doğulub və 1936-cı ildə edam edilib. Onun həyatı və törətdiyi cinayətlər hələ də insanlar arasında qorxu və təəccüb doğurur. Psixiatrlar və hüquq-mühafizə orqanları onun bir manyak, yoxsa sadəcə psixoloji pozğunluqlardan əziyyət çəkən bir adam olduğunu araşdırmağa çalışır.


Əsl adı Hamilton Howard Fish olub. Daha sonra özünə ölmüş qardaşının şərəfinə “Albert” adını seçib. 1870-ci ildə Vaşinqtonda dünyaya gəlib. Ailəsində psixi xəstəliklər geniş yayılıb. Atası o hələ uşaqkən vəfat edib. Anası onu maliyyə çətinlikləri üzündən yetimlər evinə yerləşdirib. Orada tez-tez döyülüb və bu fiziki əzabdan həzz almağa başlayıb. Bu, onun içindəki sadist və mazoxist meyllərin ilk göstəricisi olub.


Böyüdükdən sonra evlənib, altı uşağı olub. Amma ailə həyatı onun içindəki qaranlığı dayandıra bilməyib.


Albert Fish uşaqları — həm oğlan, həm də qız uşaqlarını — hədəf seçib. Onları yemək, hədiyyə və ya iş vədi ilə aldatmağa çalışıb. Ən məşhur və vəhşi cinayəti 1928-ci ildə 10 yaşlı Grace Budd-ın öldürülməsi olub. Fish onun ailəsinə özünü ailə dostu və ya iş adamı kimi təqdim edib. Ailə ilə yaxınlıq qurduqdan sonra Grace’i guya ad günü tədbirinə aparacağını deyib. Lakin onu boş bir evə aparıb, orada öldürüb və daha sonra onun bədəninin bəzi hissələrini yeyib.


Bu hadisədən altı il sonra, o, Grace’in valideynlərinə cinayətin dəhşətli detallarını öz dililə yazdığı bir məktubla çatdırıb. Məktubda o, qızı necə öldürdüyünü və parçalarını necə yediyini soyuqqanlılıqla təsvir edib.


Digər uşaqlar da onun işgəncə, zorakılıq və yamyamlıq əməllərinin qurbanı olub. Fish təkcə qurbanlarına deyil, özünə də işgəncə verib — o, öz bədəninə iynələr batırıb, xam qaraciyər yeyib və bədənini mismarlarla deşib.


Fish 1934-cü ildə yazdığı məktubun izinə düşülərək həbs edilib. Məktubun üstündəki poçt möhürü vasitəsilə onun yeri müəyyənləşdirilib. Polis onu bir otaq evində yaxalayıb. Dindirilmə zamanı cinayətlərini sakit şəkildə və peşmanlıq göstərmədən danışıb.


Psixiatrlar onun ruhi xəstə olduğunu təsdiq edib, amma məhkəmə onu məsuliyyətli sayıb və ölüm hökmü verib. 1936-cı ilin yanvarında o, Nyu-Yorkdakı Sing-Sing həbsxanasında elektrik stulunda edam olunub. Şahidlərin sözlərinə görə, o, ölümü sakitliklə qarşılayıb.

Albert Fish-in hekayəsi ABŞ tarixinin ən qorxulu səhifələrindən biri sayılır. Onun obrazı filmlərə, kitablara və sənədli filmlərə ilham verib. Psixiatrlar hələ də onun davranışlarını öyrənməkdə davam edir.


O, cəmiyyətə bir daha xatırladır ki, adi görünən bir insanın içində bəşəriyyətin ən qaranlıq tərəfləri gizlənə bilər.


Mənbə: All that’s interesting

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et