24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Eldəniz Cəfərovdur. O, yol hərəkətində təhlükəsizliyi artırmaq üçün vacib olan tədbirlər haqqında danışıb.
Yol hərəkətində təhlükəsizliyi artırmaq üçün hansı tədbirlər vacibdir?

Yol hərəkətində təhlükəsizliyi artırmaq üçün hər bir yol hərəkəti iştirakçısı öz məsuliyyətini dərk etməli və yola çıxan hər bir şəxs bilməlidir ki, onun bütün hərəkətləri yol hərəkəti qaydalarına təsir edir. Bununla bağlı bir sıra addımlar atılmalıdır. Təəssüf ki, baş verən qəzaların əsas səbəbi kimi deyə bilərik ki, problem yol hərəkəti iştirakçılarının özündədir. Yol hərəkətini bilərəkdən pozan sürücülər və piyadalar əsasən qəzalara səbəb olur.
Burada qeyd edə bilərik ki, sürət həddinin aşılması, avtomobili idarə edərkən ötmə əməliyyatlarının pozulması, işıq cihazlarının düzgün istifadə olunmaması, dönmə zamanı siqnalların verilməməsi, sürücülərin ara məsafə saxlamaması-bunların hamısı qəzalara səbəb olur.
Daha sonra yol infrastrukturunun bərbad olması, yolların qaranlıq olması, yolların çökməsi, yol nişanlarının qoyulmaması da qəzaların səbəblərindəndir. Bu gün müşahidə edirik ki, ölkəmizdə qadağanedici nişanlar xəbərdaredici nişanlardan daha çoxdur, halbuki xəbərdaredici nişanlar daha çox olmalıdır. Yolda hərəkət edən sürücü və piyada qarşıda olan hər hansı bir maneə ilə bağlı vaxtında məlumatlandırılmalıdır. Növbəti problem isə nasaz avtomobillərdir. Azərbaycanın bir sıra bölgələrində artıq yararsız, nasaz avtomobillər istismar olunur. Bu da qəzalara səbəb ola bilir. Azərbaycanda fəaliyyət göstərən bir sıra sürücülük məktəbləri və kursları var ki, onların da fəaliyyəti formal xarakter daşıyır. Onlar üzərində nəzarət gücləndirilməlidir. Çünki müşahidə edirik ki, sürücülük məktəbini və ya kursunu bitirən bəzi vətəndaşlar hələ də yol hərəkəti qaydalarını və avtomobili bu qaydalara uyğun idarə etməyi yaxşı bilmirlər, yol nişanlarının çoxunu tanımırlar.
Bu gün orta məktəblərdə bir sıra yeni fənlərin keçirilməsi təklif olunur. Halbuki hazırda Azərbaycanda vacib olan məsələ orta məktəblərdə, ibtidai siniflərdə yol hərəkəti qaydalarının keçirilməsi olsa, daha məqsədəuyğun olardı. Biz ölkəyə vətəndaş hazırladığımız kimi, yollar üçün də qaydaları bilən vətəndaşlar hazırlamalıyıq. Bu səbəbdən orta məktəblərdə yol hərəkəti qaydaları ayrıca bir fənn kimi həftədə bir dəfə tədris olunmalıdır.
Xədicə Cabbarlı
