Bu gün:

"Meteotsunamilər lokal, lakin təhlükəli hadisələrdir"


24Media.az-ın budəfəki qonağı ekoloq Sevil Yuzbaşevadır. O, "Meteotsunami"yə dair suallarımızı cavablandırıb.  -"Meteotsunami" nədir və hansı səbəblərə görə baş verir?

“Meteotsunami” sözü “sunami” terminindən götürülüb və bu da onun sunaminin bir növü olduğunu göstərir. Adından da bəlli olduğu kimi, "Meteotsunami"lər zəlzələ deyil, meteoroloji hadisələr məsələn, hava təzyiqində ani dəyişikliklər, güclü küləklər və fırtınalar nəticəsində yaranır. Bu hadisələr dəniz səviyyəsində gözlənilməz və güclü dalğalanmalara səbəb olur." Meteotsunami" nin yaranmasına atmosfer təzyiqinin sürətlə dəyişməsi, çox güclü küləklər və körfəzlər və boğazlar kimi dar və dayaz sahələrin olması şərait yaradır.

-"Meteotsunami" ilə adi sunami arasında əsas fərq nələrdir?

"Meteotsunami" və adi sunami hər ikisi sahildə güclü dalğalar yaratsa da, onların yaranma səbəbləri və təsir miqyası fərqlidir. Adi sunami, əsasən, sualtı zəlzələlər, vulkan püskürmələri və ya torpaq sürüşmələri nəticəsində meydana gəlir. Sunami zamanı dəniz dibinin qəfil hərəkəti böyük su kütlələrinin yerdəyişməsinə səbəb olur və nəticədə güclü, geniş əraziləri əhatə edən dalğalar yaranır. Sunamilər, adətən, çox dağıdıcı olur və uzaq məsafələrə çata bilir. Meteotsunami isə yeraltı deyil, atmosfer hadisələri, yəni hava təzyiqində ani dəyişikliklər, fırtınalar və güclü küləklər nəticəsində yaranır. Bu tip dalğalar, əsasən, lokal xarakter daşıyır və xüsusilə, dar körfəzlər kimi ərazilərdə daha güclü təsir göstərə bilər. Sunamiləri seysmik müşahidə sistemləri ilə əvvəlcədən proqnozlaşdırmaq mümkün olduğu halda, "Meteotsunami"ləri hava şəraitinə bağlı olduqları üçün əvvəlcədən müəyyənləşdirmək çətindir. Ümumilikdə, belə demək olar ki, sunamilər daha güclü və genişmiqyaslı, "Meteotsunami" lər isə lokal və dəyişkən təsirə malik təbii hadisələrdir.

-"Meteotsunami" ilə əlaqəli olan Proudman rezonası nədir və bu hadisənin təsir gücünü necə artırır?

Proudman rezonansı "Meteotsunami"lərin, yəni atmosfer hadisələri nəticəsində yaranan dayaz su dalğalarının güclənməsində əsas rol oynayan fiziki mexanizmdir. Bu hadisə atmosfer təzyiqində baş verən dəyişikliklərin suda dalğa yaratması ilə başlayır. Daha dəqiq desək, Proudman rezonansı o zaman baş verir ki, atmosferik təzyiq dalğası (məsələn, fırtına və ya hava cəbhəsi) suyun üzərindəki dalğaların yayılma sürəti ilə eyni sürətdə hərəkət edir. Bu proses "Meteotsunami"nin daha güclü və təhlükəli olmasına səbəb olur, xüsusilə, dayaz sahillərdə və dar körfəzlərdə təsiri daha güclü hiss olunur. Proudman rezonansı adi bir hava dalğasını dağıdıcı bir "Meteotsunami" halına gətirə bilər.


Ayxan Cəfərov

 



Paylaş
Şərh əlavə et