
Siz də bəzən dərin yuxudaykən zəlzələ olmuş kimi oyanırsınız? Elə bil ki, zəlzələlər yalnız gecələr baş verirmiş kimi düşünürük. Gündüz vaxtı çox da bir şey hiss etmirik, amma gecə o sakitlik içində ən kiçik bir sarsıntı belə bütün diqqətimizi cəlb edir. Narahat olmayın, bu hissi yaşayan tək siz deyilsiniz; alimlər də bu fenomenin səbəbini araşdırıblar.
Bəs, həqiqətənmi zəlzələlər gecələr daha çox baş verir?
Amerika Geoloji Araşdırmalar Təşkilatından (USGS) Susan Hough-un sözlərinə görə, indiyə qədər zəlzələlərin günün müəyyən saatlarında daha çox meydana gəldiyini göstərən heç bir sübut tapılmayıb. Yəni zəlzələlərin səhər, günorta və ya gecə olmasının xüsusi bir üstünlüyü yoxdur. Araşdırmalar göstərir ki, zəlzələlər günün bütün saatlarında bərabər şəkildə baş verir. Hətta 100 illik qeydlər üzərində aparılan analizlərdə də nəzərəçarpacaq bir saat sıxlığı müşahidə edilməyib. Yalnız səhər saat 6 radələrində cüzi bir artım qeydə alınıb ki, mütəxəssislərə görə bu, sadəcə statistik təsadüf ola bilər.
Onda biz niyə zəlzələləri daha çox gecə baş verirmiş kimi hiss edirik? Əsas məsələ də məhz burada başlayır. Çünki hadisənin özü qədər, onu hansı şəraitdə hiss etdiyimiz də böyük rol oynayır. Hough-un izahına görə, zəlzələni hiss etmək o an nə etdiyimizdən asılıdır. Məsələn, əgər maşın sürürsünüzsə və ya çöldəsinizsə, titrəyişi hiss etməməyiniz mümkündür. Bunun məşhur bir nümunəsi də var: 1933-cü ildə Long Beach şəhərində baş verən 6,4 bal gücündə zəlzələ zamanı Albert Eynşteyn və bir seysmoloq dostu Caltech kampusunda gəzirdilər və zəlzələni ümumiyyətlə hiss etmədilər. Halbuki tam həmin an zəlzələ haqqında söhbət edirdilər. Yəni bəzən güclü bir sarsıntı belə fərq olunmaya bilər.
Gecə zəlzələlərinin daha çox hiss edilməsinin əsas səbəbi: Sükut və hərəkətsizlik
Gecə saatlarında ətraf mühit daha səssiz olur, nəqliyyatın yaratdığı vibrasiya və səs-küy azalır, diqqətimizi yayındıracaq amillər minimuma enir. Üstəlik, yatarkən bədənimiz daha həssas hala gəlir. Halbuki gündüz vaxtı hərəkətdə olarkən, söhbət edərkən və ya ekrana baxarkən kiçik sarsıntılar asanlıqla nəzərdən qaça bilir. Buna görə də gecə baş verən zəlzələlər daha çox yadda qalır. Lakin bu, onların həqiqətən də gecə daha çox baş verdiyi anlamına gəlmir. Əksinə, bəzi böyük zəlzələlər günorta və ya axşam saatlarında meydana gəlib.
Qısacası, əgər sizə zəlzələlər daha çox gecə olurmuş kimi gəlirsə, bu, yer qabığının gecəyə xüsusi bir münasibəti olduğuna görə deyil, sizin onu hansı şəraitdə hiss etməyinizlə bağlıdır.
Mənbə: onedio
Tərcümə etdi: Selcan İbişli
