Bu gün:

"Qüllənin pilləkənlərindəki görüş" -Frederic William Burton


"İncəsənətin inciləri" rubrikası "Qüllənin pilləkənlərindəki görüş" əsərini təqdim edir. 


1864-cü ildə İrlandiyalı rəssam Frederic William Burton tərəfindən çəkilən “The Meeting on the Turret Stairs” (Qüllənin pilləkənlərindəki görüş) adlı akvarel əsəri sənət tarixində emosional dərinliyi ilə seçilən nadir rəsmlərdən biridir. Bu əsər bir çoxlarına görə səssiz bir eşqin ən yüksək zirvəsini təsvir edir. Son görüş, bir ömürlük ayrılıq.

Rəsm bir cütlüyün dar bir qüllə pilləkənindəki vidalaşmasını əks etdirir. Gənc qadın mavi, incə işləməli libası ilə başını kədərlə divara söykəyib. Rəssam qadının üzünü göstərmir. Bu da onun emosiyalarını daha da gizli, daha da güclü edir. Qadının saçının uzun hörüyü, kövrək duruşu onun təmizliyini, zərifliyini simvolizə edir.

Əsgər isə zirehli geyimdə, əlində sevgilisinin qolunu sıxaraq başını onun çiyninə qoyub. Bu, bir ömürlük vidalaşmanın sükut içində çəkilmiş anıdır.

Burton bu əsərdə “Hellelil və Hildebrand”ın faciəvi məhəbbətini təsvir edir. Hellelil bir zadəgan qızı, Hildebrand isə onun cangüdəni olub. Onlar gizli şəkildə bir-birini seviblər. Amma bu sevgi yasaqlanıb. Hellelilin atası onların münasibətini öyrənəndə Hildebrandı öldürmək üçün oğullarını göndərib. Hildebrand qəhrəmancasına döyüşüb, lakin nəticədə o da, Hellelilin qardaşları da həlak olublar. Bu, sevginin, sədaqətin və faciənin birləşdiyi dramatik bir hekayədir.

Burton bu faciənin ən təsirli anını, son görüşü seçərək rəsmində əbədiləşdirib. Onların arasında fiziki təmas çox azdır, amma emosional bağ o qədər güclüdür ki, izləyən istər-istəməz bu ayrılığın ağırlığını hiss edir.

Bu əsər National Gallery of Ireland muzeyində sərgilənir və dəfələrlə İrlandiyanın ən sevilən rəsm əsəri seçilib. Rəsm tamamilə səssizdir, dilsiz bir dialoqu təsvir edir. Heç bir dramatik hərəkət yoxdur, sadəcə bir anlıq toxunuş, bir ömürlük iz buraxır.

Bu rəsm insanın içindəki susqun, lakin sarsıdıcı duyğuları ortaya çıxarır. Sevgi və ayrılıq, qorxu və qəhrəmanlıq, qadağa və itaətsizlik... Bütün bu hisslər bu dar məkanın içində sıxışdırılmış şəkildə təqdim olunur. Hər baxışda yeni bir duyğu oyadır, bu da onu təkcə bir rəsm yox, həm də bir həyat hekayəsinə çevirir.

Frederic William Burtonun “The Meeting on the Turret Stairs” əsəri illərlə danışılacaq bir sevgi nağılının rəngli ifadəsidir. Bu cütlüyün o son baxışı, sevgilərinin ölməzliyini bir anın içində ölümsüzləşdirir. Bu səbəbdən də bu əsər zaman keçdikcə daha da dəyərli, daha da duyğusal olur.

Hazırladı: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et