Bu gün:

Pişiklərdə tük tökülməsi: Normaldır, yoxsa narahatedici bir siqnal?


Qışın sonlarına doğru və ya payızın əvvəlində pişiyinizin birdən tük tökməyə başlaması sizi təəccübləndirirsə, tək deyilsiniz. Bu dövrlərdə evdə tozsoran həftəlik deyil, gündəlik ehtiyac ola bilər. Tüklər xalçaya, divana, hətta üstünüzə yapışa bilər və bu sizi bir qədər narahat edə bilər. “Pişiyim bu qədər tük tökürsə, bu normaldırmı?” sualı da təbii olaraq ağlınıza gələ bilər. Gəlin bu tük məsələsinin arxasında duran səbəbləri birlikdə araşdıraq.


Fəsil dəyişiklikləri pişiklərin tüklərini yeniləməsi üçün təbii bir siqnal kimidir. Xüsusilə, yazın əvvəlində qalın qış tükləri tökülərək yerini daha yüngül yay tüklərinə verir. Payızda isə bu dövr əksinə çevrilir və pişiklər soyuq havalara qarşı özlərini qorumaq üçün daha qalın tük təbəqəsi formalaşdırırlar. Bu dəyişikliklər onların bədən temperaturunu fəsilə uyğun tənzimləməyə kömək edir.


Çöldə yaşayan pişiklər bu keçid dövrlərini daha güclü yaşayır, çünki temperatur və işıq dəyişiklikləri onlar üçün daha aydındır. Ev pişikləri isə il boyu tük tökə bilər, çünki onların “fəsli” evin içidir. Qapalı məkanlarda yaşayan pişiklər il boyu oxşar temperatur və işıq şərtlərində olduqları üçün dəqiq fəsil dövranını hiss edə bilməzlər. Bu da tük tökmə prosesinin bütün fəsillərə yayılmasına səbəb olur. Xüsusilə kondisioner, radiator kimi ətraf mühit amilləri pişiyin bu dövrləri hiss etməsini çətinləşdirir.


Bu səbəbdən pişiyiniz yayın ortasında və ya qışın ortasında belə normadan artıq tük tökə bilər. Panik etmədən əvvəl bu davranışın onun ev mühitinə uyğunlaşmış bioloji saatı ilə əlaqəli olduğunu bilmək faydalıdır. Əgər pişiyiniz həddindən artıq tük tökürsə, bu, sağlamlıqla bağlı bir problemin göstəricisi ola bilər. Tük tökmə çox vaxt normaldır, lakin əgər tökülmə çox güclüdürsə və tüklərlə birlikdə başqa simptomlar da müşahidə edirsinizsə, vəziyyət ciddi ola bilər. Stress, parazitlər, qidalanma çatışmazlığı, göbələk infeksiyaları və ya yaşlanma kimi faktorlar pişiklərin tük strukturuna mənfi təsir göstərə bilər.


Məsələn parazitlər pişiyinizin qaşınmasına və özünü həddindən artıq yalamasına səbəb ola bilər ki, bu da tük itkisinin artmasına yol açır. Yaxud yaşlı bir pişik hərəkət qabiliyyətini itirdiyindən özünü təmizləyə bilmədiyi üçün ölü tüklər yığılıb tökülə bilər. Belə hallarda baytar yardımı almaq ən düzgün addım olacaq.


Mənbə: onedio

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et