Bu gün:

"Revers (əks) osmos: Ən yüksək səviyyəli təmizləməni təmin edir"


24media.az-ın budəfəki müsahibi "Refresh Group" MMC-Qida təhlükəsizliyi üzrə konsaltinq şirkətinin baş direktoru Seymur Qafarovdur. O, filtrasiya sistemlərinin suyu hansı səviyyədə təmizlədiyi və sağlam içməli su əldə etmək üçün hansı üsulların daha effektiv olduğu ilə bağlı məlumat verib.


Öncəliklə, müsahibimiz filtrasiya sistemlərinin niyə vacib olduğunu izah edib və onların təmizləmə səviyyələrinin nədən fərqləndiyini açıqlayıb:




"Filtrasiya sistemləri suyun tərkibindəki çirkləndiriciləri həm fiziki, həm kimyəvi, həm də mikrobioloji maddələri aradan qaldırmaq üçün istifadə olunur. Onların təmizləmə səviyyəsi sistemin növündən və texnologiyasından asılıdır".


Daha sonra o, sistemlərin adlarını çəkərək hər birinin özünəməxsus xüsusiyyətlərini izah edib:


Mexaniki filtrlər: Çöküntü, qum, pas kimi iri hissəcikləri süzür. Ancaq bakteriya və kimyəvi maddələri tutmur.


Aktiv karbon filtrləri: Xloru, xoşagəlməz qoxuları və bəzi kimyəvi maddələri aradan qaldırır. Virus və bakteriyalara qarşı çox effektiv deyil.


UV (ultrabənövşəyi) sterilizasiya: Bakteriya və virusları öldürür, lakin suda olan kimyəvi maddələrə təsir etmir.


Ultrafiltrasiya və nanofiltrasiya: Bakteriyaları və bəzi virusları təmizləyir. Lakin bəzi ağır metalları və həll olmuş maddələri keçirdə bilər.


Revers (əks) osmos: Ən yüksək səviyyəli təmizləməni təmin edir. Su molekulundan başqa demək olar ki, hər şeyi süzür-bakteriyalar, viruslar, ağır metallar, nitratlar, pestisidlər və s.


Mütəxəssis, həmçinin sağlam içməli su əldə etmək üçün hansı üsulların daha faydalı olduğunu vurğulayıb və sistemlər arasındakı fərqləri qeyd edib. “Ən effektiv üsullara Revers Osmos sistemləri və kombinə edilmiş sistemlər daxildir:


Revers (əks) osmos sistemləri: Əgər suyun keyfiyyəti zəifdirsə və ya sənaye bölgəsində yaşayırsınızsa, bu sistemlər ən ideal seçimdir. Yalnız əlavə olaraq, suyun tərkibinə faydalı mineralların (kalsium, maqnezium) qaytarılması üçün remineralizasiya mərhələsi tövsiyə olunur.


Kombinə edilmiş sistemlər: Məsələn, əvvəlcə, mexaniki və aktiv karbon filtri, sonra UV sterilizator və ya əks osmos. Bu tip çoxmərhələli sistemlər həm bioloji, həm də kimyəvi çirklənməyə qarşı effektivdir.


Su təhlilinə əsaslanan seçimə gəldikdə isə, ən düzgün yanaşma, əvvəlcə, suyun analizini aparmaq, sonra isə uyğun filtrasiya sistemini seçməkdir”.


Sonda Seymur Qafarov əhalinin hansı yollardan yararlandığını və bunun səbəblərini də əlavə edib:


"Suların filtrlənməsi üçün adətən kükürd, kömür və pambıqdan, həmçinin əvvəlcədən filtrlənmiş sulardan istifadə olunur. Əks osmos sistemlərinin quraşdırılması üçün xərclər yüksək olduğundan, su istehsalı müəssisələri bu cihazlardan istifadə etmirlər. Bəzi insanların suyu duz vasitəsilə təmizləyib, ultrabənövşəyi şüalarla daha saf su əldə etməyə çalışdığını da görə bilərik. Bunu da qeyd edim ki, qablaşdırılmış suların qida qeydiyyatı şəhadətnaməsi varsa, onların satışına icazə verilir”.


Aydan Qasımova

Paylaş
Şərh əlavə et