Suffolk bölgəsindəki bir muzeydə saxlanılan kitabın üzlüyünün təxminən 200 il əvvəl məşhur bir qətl hadisəsinə görə edam edilən bir kişinin dərisindən hazırlandığı yaxınlarda aşkar edilib.
William Corder 1827-ci ildə bir qadını öldürməkdə təqsirli bilinib. Bu hadisə Corciya dövrü Britaniyasında böyük səs-küy yaradıb və “Qırmızı Anbar Cinayəti” adı ilə tanınıb. Bury St Edmundsdakı Moyse’s Hall Muzeyindəki kuratorlar bu kitabın sadəcə bir ofis rəfində göz ardı edildiyini anlayıblar, lakin indi o, sərgiyə çıxarılıb. Kitab illər öncə Corderin cəsədini yaralayan cərrahla yaxın əlaqəsi olan bir ailə tərəfindən muzeyə bağışlanıb.
William Corder orta sinif kəndli ailəsindən olub və Ipswich və Sudbury arasında yerləşən Polstead kəndində yaşayıb. 19-cu əsrin əvvəllərində o, artıq ailənin başçısı olub və “qadın düşkünü” kimi tanınıb. 22 yaşında ikən Maria Martenlə sevgili olub. Maria 24 yaşında olub, evdə atasının, ögey anasının, bacısının və kiçik oğlunun yanında yaşayıb. Ola bilər ki, o, Williamı bu həyatdan çıxış yolu kimi görüb. 1827-ci ildə William onunla qaçmaq planı qurub. O, Mariaya Red Barnadlı yerə gəlməsini və oradan Ipswich-ə gedərək evlənmək üçün sənədləri alacaqlarını söyləyib. Lakin Maria bir daha görünməyib və William da yoxa çıxıb. William sonradan Marten ailəsinə məktub yazaraq guya Maria ilə Wight adasına qaçdığını bildirib. Əslində isə o, Londona yaxın bir yerdə gizlənib və Maria həmin görüş yerində boynundan güllələnərək öldürülüb.
Təxminən bir il sonra, əfsanəyə görə, Maria’nın ögey anası Ann Marten yuxuda onun öldüyünü və Red Barn’da olduğunu görür. Bunun ardından Maria’nın atası öz “mol tələsi kürəyi” ilə qazaraq qızının qalıqlarını tapır. Corder üçün axtarış başlayır. Bir qəzet redaktoru onun haqqında məlumatı olduğunu bildirir. Corder həmin vaxt qaçqındadır, tənhadır və qəzetə evlənmək üçün reklam verir. Nəticədə hakimiyyət orqanları onu tapır. Corder Maria haqqında heç nə bilmədiyini iddia etsə də, üzərində onun cəsədinin tapıldığına dair məktub vardı.
Corder 10 ayrı qətl ittihamı ilə Bury St Edmunds’a gətirilir. Hər biri Maria’nın ölümü ilə bağlı fərqli nəzəriyyəyə əsaslanır və onun mühakimə olunmasını təmin etmək üçün irəli sürülür. Corder müdafiəsində Maria’nın intihar etdiyini iddia edir, bu da ölən qadını ölümcül bir cinayətdə günahlandırmaq demək idi. İki günlük məhkəmədən sonra onu təqsirli bilirlər. Son etirafında isə mübahisə zamanı Maria’yı səhvən vurduğunu deyir.
1828-ci il 11 avqustda, günorta saatlarında, təxminən 7,000-10,000 insan onun edamını izləməyə gəlib. Həmin günün axşamı insanlar onun cəsədini görmək üçün növbəyə düzülüb. Hekayəyə görə, o qədər insan var idi ki, onu həbsxananın əsas qapısından çıxara bilməyiblər. Nəticədə, binanın yan divarında deşik açıb müvəqqəti edam kürsüsü qurublar. İnsanlar mahnı oxuyur, rəqs edir və hətta edam ipindən hissələr alıb xatirə kimi saxlayıblar. William Corderin ölüm maskası hələ də Moyse’s Hall və Norwich Castle-də saxlanılır. Onun cəsədi illər boyu West Suffolk Xəstəxanasında tibb tələbələrinə anatomiya öyrətmək üçün istifadə olunub. Nəticədə, skeleti dağılmağa başlayanda istifadə dayandırılıb. Ən dəhşətlisi isə, dərisindən hazırlanan iki kitab var və hətta qulağı da daxil olan baş dərisinin bir hissəsi uzun müddət “bəzək əşyası” kimi saxlanılıb. Bütün bunlar Moyse’s Hall Muzeyindədir.
Terry Deary məşhur “Horrible Histories” seriyasının yaradıcısı Corderin haqsız yerə pis adam kimi göstərildiyini, Maria’nın isə səhvən günahsız biri kimi təqdim olunduğunu düşünür. Moyse’s Hall gələcək sərgilərində Corderə deyil, Suffolk tarixindəki qadın qurbanlara, o cümlədən, Maria Martenə daha çox diqqət ayıracağını bildirib.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
