ABŞ Prezidenti Donald Trump Smitson İnstitutunu “anti-Amerika fikirləri” yaymaqda günahlandıranda, genetika üzrə alim Adam Rutherford irq haqqında elmin bizə nələri öyrətdiyini araşdırıb.
25 il əvvəl Insan Genomu Layihəsi göstərib ki, insanlar arasında “irq” anlayışının biologiyada əsası yoxdur. Əksinə, bir irqin içindəki genetik fərqlilik, irqlər arasındakından daha çoxdur. Bu isə göstərib ki, irq əslində sosial bir anlayışdır, elmi deyil. Amma bu mühüm kəşfə baxmayaraq, irq və etnik mənsubiyyət hələ də insanları bioloji qruplara bölmək üçün istifadə olunur, bu isə həm sosial mediada, həm də elmdə və səhiyyədə yanlış düşüncələrə səbəb olur. Ən narahatedici olan isə bu düşüncələrin hökumət səviyyəsinə çıxmasıdır. Donald Trump və administrasiyası elmi dünya görüşünün bir çox aspektlərini açıq şəkildə rədd edir. Ağ Evə qayıtdıqdan sonra, o, biotibbi və iqlim araşdırmaları üçün ayrılan elmi maliyyələri kəsib.
Lakin son İcra Sərəncamında, Trump bu gün əksər alimlərin qəbul etdiyi “bioloji reallıq” ilə mübarizəyə girişib. Sərəncam ABŞ mədəniyyətini formalaşdırmaq üçün genişmiqyaslı bir təşəbbüsün tərkib hissəsidir. Məqsəd “uyğunsuz, parçalaycı və anti-Amerika ideologiyasını” institutun muzeylərindən uzaqlaşdırmaqdır. Sənəddə deyilir: “Paytaxtımızdakı muzeylər insanlar üçün öyrənmək yeri olmalıdır – ideoloji beyin yuyulması və ya tariximizi təhrif edən parçalaycı hekayələr üçün deyil”. Sərəncamda sərgi “irq bioloji reallıq deyil, insan ixtirasıdır” fikrini yaymaqla tənqid olunur və bu yanaşma “zərərli və repressiv” mədəniyyət dəyişikliyi kimi təqdim edilir. Bu məqamda, irq elminin tarixini öyrənən bir genetik narahat olmağa başlayır. Çünki Smitson Muzeyinin ifadəsi 100% doğrudur.
Bu, nə elmdə, nə də tarixdə mübahisəli bir fikirdir. İnsan fərqlilikləri, əlbəttə, gerçəkdir. İnsanlar fərqlidir – dərinin rəngi, saçın rəngi və quruluşu və digər fiziki xüsusiyyətlərə görə. Bu fərqliliklər müəyyən coğrafi bölgələrdə cəmləşir, yəni bir bölgədən olan insanlar, adətən, bir-birlərinə digərlərindən daha çox bənzəyir. 18-ci əsrdə bu xüsusiyyətlər, insanları “elmi” kateqoriyalara ayırmaq üçün əsas alınıb. İsveçli botanikaçı Karl Linney (Linnaeus) müasir biologiyanın atası sayılır və bizə bu gün də istifadə etdiyimiz “cins və növ” təsnifat sistemini bəxş edib. Məsələn, Escherichia coli (bakteriya), Panthera leo (aslan), Gorilla gorilla kimi. Əlbəttə, tarixi mühakimə edərkən, keçmişi bu günün dəyərləri ilə ölçmək çətin ola bilər. Lakin bu təsnifat sistemi əsrlərlə davam edən elmi irqçiliyin əsasını qoyub.Sonrakı 200 il ərzində bir çox kişi alim bu təsnifatı təkmilləşdirməyə çalışıb – kraniometriya (kəllə ölçmələri) kimi saxta elmi üsullarla. Amma heç vaxt razılaşa bilmədilər: neçə irq var? Hansı kriteriyalarla? Əslində bu xüsusiyyətlərin heç biri sabit və ya yalnız bir qrupa xas deyildi. Bu ideologiya “irqi essentializm” adlanır. Lakin bütün bu sistemlərdə ağ avropalılar üstün sayılıb. Charles Darwin 1871-ci ildəki “İnsanın mənşəyi” kitabında bu anlayışları ilk sual edənlərdən olub. 20-ci əsrdə molekulyar biologiya və genetika sahələri bu irqi kateqoriyaların əsassız olduğunu ortaya çıxarıb. Genetik məlumatlar göstərib ki, insanlar genetik baxımdan bənzərliklərə sahibdir və bu bənzərliklər coğrafi bölgələrə görə qruplaşır.
Amma bu qruplar “irq” anlayışı ilə üst-üstə düşmür. İnsan DNT-sindəki fərqlər çox kiçik faiz təşkil etsə də, genom o qədər böyük və kompleksdir ki, bu fərqlər əhəmiyyətlidir. Lakin bu fərqlər irqə görə deyil, coğrafiyaya və tarixi miqrasiya yollarına əsasən dəyişir. Bu səbəbdən “irq sosial konstruksiyadır” deyirik. İrq bioloji deyil, sosial və mədəni cəhətdən mühüm anlayışdır. Sosial konstruksiyalarla dünya işləyir – pul və vaxt da sosial konstruksiyadır. Lakin bioloji mənası olmayan irq anlayışının bioloji nəticələri var. Xəstəliklərin təsiri kasıblıqla əlaqəlidir. Azlıq qrupları aşağı sosial təbəqələrdə yer aldıqları üçün xəstəliklər onlara daha çox təsir edir. Bu, pandemiya dövründə açıq şəkildə görünüb. Qara, cənubi Asiyalı və ispan əsilli insanlar daha çox yoluxub və ölüb Media bəzən bunu bioloji səbəblərlə izah etməyə çalışıb, məsələn, D vitamini metabolizması. Amma bu, əlaqədir, səbəb deyil. Əsl səbəb daha sadə idi: onlar daha çox riski olan işlərdə (tibb, nəqliyyat, təmizlik) çalışır, daha sıx yaşayış yerlərində yaşayırdılar. Bu səbəbdən genetika irqçiliyin elmi əsaslarını dağıtmaq və irqçiliyin özünü anlamaq üçün mühüm rol oynayıb. Buna görə də Trump administrasiyasının son bəyanatı elm camiəsində narahatlıq doğurur.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
