Aktrisa Keyt Blanşett aktyorluğu buraxmaq istədiyini bildirib. O, qırmızı xalçanı və ulduz həyatını başqa bir yaşam tərzinə dəyişən Hollivud ulduzlarının sırasına qoşulub. 55 yaşlı Blanşett kino dünyasında ən istedadlı və qazanc gətirən aktrisalardan biri sayılır, amma o, son illərdə bir neçə dəfə böyük ekrandan uzaqlaşmaq istədiyini dilə gətirib. “Mən ciddiyəm. Aktyorluğu buraxmaq istəyirəm” – deyə o, Radio Times-ə müsahibəsində bildirib, - “Həyatımda etmək istədiyim çox şey var”.
O, karyerasını sonradan dəyişən yeganə aktyor deyil. Budur aktyorluğu tərk edən (və bəziləri yenidən qayıdan) 10 digər ulduzlar:
Kameron Diaz
90-cı və 2000-ci illərin ən məşhur Hollivud ulduzlarından biri olan Diaz 21 yaşında “The Mask” filmində Cim Kerri ilə debüt edib. “My Best Friend’s Wedding” və “There’s Something About Mary” kimi komediyalarla tanınıb, sonradan “Being John Malkovich” və “Gangs of New York” kimi filmlərlə ciddi rollarda da çıxış edib. 2014-cü ildə “Annie” filmindən sonra istirahətə çəkilib və 2018-ci ildə “təqaüdə çıxdığını” təsdiqləyib. Ancaq 2024-cü ildə Ceymi Foksla birlikdə “Back in Action” filmində geri dönüb.
Daniel Dey-Luis
Üç Oskar mükafatına sahib britaniyalı aktyor 2017-ci ildə aktyorluğu tərk etdiyini açıqlayıb. Əvvəllər də 90-cı illərdə Florensiyada ayaqqabı ustasının şagirdi olaraq “yarı təqaüdə” çıxıb. Martin Skorsezenin “Gangs of New York” təklifi ilə qayıdıb. Hazırda oğlu Ronanla birlikdə yazdıqları “Anemone” adlı filmə çəkilir.
Cek Nikolson
Üç Oskar qazanan aktyor 2010-cu ildən bəri filmlərdə görünmür. Heç vaxt rəsmi şəkildə təqaüdə çıxdığını deməsə də, artıq “ictimaiyyət arasında olmaq istəmədiyini” söyləyib. Ancaq rejissor Ceyms L. Bruks bildirib ki, Nikolson hələ də ssenarilər oxuyur və yenidən ekrana qayıda bilər.
Qreta Qarbo
İsveçli ulduz 1941-ci ildə, cəmi 36 yaşında “müvəqqəti” təqaüdə çıxdığını desə də, bir daha ekrana dönməyib. Həmişə tənhalığı sevən Qarbo müsahibələrdən və tədbirlərdən qaçıb. Məşhur “Tək qalmaq istəyirəm” replikasını isə belə açıqlayıb: “Mən demişdim ki, məni rahat buraxın – bu çox fərqlidir”.
Şon Konneri
Ceyms Bond obrazı ilə məşhurlaşan Konneri 2003-cü ildə çəkildiyi “The League of Extraordinary Gentlemen” filmindən sonra aktyorluğu buraxıb. 2005-ci ildə “filmləri başa düşməyən adamlarla işləməkdən bezdiyini” söyləyib.
Rik Moranis
“Ghostbusters” və “Honey, I Shrunk the Kids” filmləri ilə tanınan Moranis 1997-ci ildən sonra uşaqlarını böyütmək üçün karyerasını dayandırıb. 2005-ci ildə “dinc həyatı çox sevdiyini” bildirib. Geri dönüş planları olsa da, planlar baş tutmayıb.
Cin Hekman
2024-cü ildə vəfat edən Hekman ürək həkiminin tövsiyəsi ilə aktyorluğu 2004-cü ildə buraxıb. “Welcome to Mooseport” onun son filmi olub. “Filmlərdəki stress və kompromislər artıq mənə uyğun olmayıb”, – deyə o bildirib.
Brijit Fonda
Əfsanəvi Fonda ailəsinin üzvü olan Brijit 2001-ci ildən sonra filmə çəkilməyib. 2023-cü ildə jurnalistin “yenidən aktyorluğa qayıtmaq istəyirsiniz?” sualına “Sanmıram, mülki həyat çox gözəldir" cavabını verib.
Şelli Düval
“The Shining” və “3 Women” kimi filmlərlə məşhurlaşan Düval 90-cı illərdə filmlərdən uzaqlaşıb və ailəsi ilə yaxın olmaq üçün Texasda yaşamağa başlayıb. 2023-cü ildə “The Forest Hills” filmi ilə qayıdıb, amma təəssüf ki, 2024-cü ildə vəfat edib.
Ke Huy Quan
80-ci illərdə “Indiana Jones” və “The Goonies” ilə tanınan uşaq aktyoru yetkinlik yaşlarında rol tapa bilmədiyi üçün kinodan uzaqlaşıb. Yalnız 2022-ci ildə “Everything Everywhere All At Once” filmi ilə möhtəşəm qayıdış edib və Oskar qazanıb.
Mənbə: BBC News
Tərcümə etdi: Nigar Muştaqova
