Bu gün:

Fosil necə əmələ gəlir?


Bu gün Yer qabığının dərinliklərindən yüz minlərlə, hətta milyonlarla il əvvələ aid canlı izləri aşkara çıxarılır. Bəs bu qalıqlar, yəni fosillər necə əmələ gəlir?

Qədim dövrlərdə yaşamış canlıların qalıqları və ya izləri torpaq, yaxud da daş qatları arasında qorunaraq günümüzə qədər gəlib çatdıqda fosillər meydana gəlir. Bu uzun və diqqətəlayiq proses, təbiətin səbirli bir heykəltəraş kimi göstərdiyi incə və davamlı fəaliyyətin nəticəsidir.


Bir canlının fosilləşməsi üçün onun qalıqları öldükdən dərhal sonra torpaq qatları altında qalmalıdır. Bu proses adətən su hövzələri yaxınlığında, bataqlıqlarda və ya palçıqlı ərazilərdə baş verir. Canlının sümükləri, dişləri və ya qabığı kimi sərt hissələri zamanla qum, palçıq və gil kimi çöküntü qatları ilə örtülərək qorunur. 


Milyonlarla il davam edən bu proses ərzində canlı qalıqları yeraltı minerallarla qarşılıqlı təsirə girərək tədricən daşlaşır və bu sayədə günümüzə qədər qorunub saxlanılır. Alimlər bu fosilləri araşdıraraq Yerin keçmişindəki həyat, iqlim və təkamül prosesləri barədə mühüm məlumatlar əldə edirlər. 


Bu gün Türkiyənin bir çox bölgəsində, xüsusilə Ərzurum, Sivas və Çankırı vilayətlərində əhəmiyyətli fosil yataqları mövcuddur. Bu ərazilərdə aparılan arxeoloji və paleontoloji qazıntılar Anadolunun tarixdən əvvəlki dövrlərə aid biomüxtəlifliyi barədə dəyərli məlumatlar təqdim edir.


Fosillər təkcə daşlaşmış sümüklərdən ibarət deyil; bəzən bir ayaq izi, yarpaq izləri və ya hətta bir həşəratın qabığı da fosil ola bilər. Onların hər biri keçmişin sirlərini bu günə daşıyan səssiz bir şahid kimidir.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et