Bu gün:

Troya atı- qədim yunanların ağıllı hiyləsi


Troya atı qədim yunan mifologiyasının ən məşhur hadisələrindən biridir. On il davam edən Troya müharibəsinin sonunda yunanlar anlayır ki, şəhəri adi yollarla ala bilmirlər. Bu zaman qəhrəman Odissey qeyri-adi bir plan təklif edir. Yunanlar içi boş, nəhəng taxta at düzəldirlər və içərisinə seçilmiş döyüşçüləri yerləşdirirlər. Ordu isə sanki müharibədən imtina edib gəmilərlə geri çəkilir, atı isə Troya şəhərinin qapısı önündə buraxırlar. Guya bu, tanrıça Athenaya təqdim edilən bir hədiyyədir.


Troyalılar arasında fikir ayrılığı yaranır: bəziləri bunun tələ olduğunu düşünür, digərləri isə bunun qələbə əlaməti olduğunu deyir. Kahin Laokoon isə onları xəbərdar edir və məşhur ifadəsini işlədir: “Yunanların gətirdiyi hədiyyələrdən qorxun!” Lakin onun sözlərinə qulaq asan olmur və atı şəhərə daxil edirlər.


Gecə düşəndə, şəhər yatarkən atın içində gizlənən döyüşçülər çıxır və şəhər qapılarını yunan ordusuna açırlar. Geri qayıdan ordu Troya şəhərinə hücum edir. Şəhər məhv edilir və yandırılır.


Zaman keçdikcə Troya atı anlayışı aldadıcı və gizli təhlükənin simvoluna çevrilir. Müasir dövrdə bu ifadə əsasən kibertəhlükəsizlik sahəsində istifadə olunur. “Troya atı” zərərli proqram təminatıdır ki, özünü faydalı bir proqram kimi göstərir və istifadəçinin kompüterinə daxil olur.


Mənbə: Britannica


Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et