Bu gün:

Bərabər güc və təsir - İsveçin hədəfi


İsveç uzun müddətdir ki, bərabərliyinin öncüsü olub. İsveçin ümumi prinsipi budur ki, hər kəs, cinsindən asılı olmayaraq, işləmək və özünü təmin etmək, karyera və ailə həyatını tarazlaşdırmaq, zorakılıq və istismardan qorxmadan yaşamaq hüququna malikdir.

Hər il Dünya İqtisadi Forumunun hazırladığı hesabatda təxminən 150 ölkə qadınlar və kişilər arasındakı fərqi sağlamlıq, təhsil, iqtisadiyyat və siyasət sahələrindəki göstəricilər əsasında sıralanır. Hesabatın 2006-cı ildəki ilk nəşrindən bəri, İsveç heç vaxt beşinci yerdən aşağı enməyib.

İş yerində bərabərlik

İsveçdə 1980-ci ildən etibarən iş yerində cinsiyyət ayrı-seçkiliyi qadağan edilib. 2009-cu ildə qüvvəyə minən diskriminasiya aktı işəgötürənlərdən yalnız kişilər və qadınlar arasında bərabərliyi fəal şəkildə təşviq etməyi deyil, həm də təhqir və zorakılığa qarşı tədbirlər görməyi tələb edib.

İsveç eyni iş üçün bərabər əmək haqqı təmin etmək üçün də çalışır. Diskriminasiya aktı işəgötürənlər və işçilərin cinslər arasında əmək haqqı fərqini aradan qaldırmaq üçün fəal şəkildə işləməli olduğunu bildirir. Lakin əhəmiyyətli bir maaş fərqi qalmaqdadır – bu, İsveçin gender bərabərliyi gündəliyindəki çətinliklərdən biridir. 2023-cü ildə İsveçdə qadınların orta aylıq maaşı kişilərin maaşlarının 90%-ni təşkil edib.

Bu fərq peşə, sektor, mövqe, iş təcrübəsi və yaş kimi fərqlərlə qismən izah edilə bilər. Lakin onların bəziləri cinsiyyətlə daha çox əlaqəlidir.

Qadınlar uşaq sahibi olduqda kişilərlə müqayisədə daha çox yarımştat işləməyə meyllidirlər, bu da daha az müsbət karyera və maaş inkişafına, habelə daha aşağı pensiyaya səbəb olur.

Bərabər ailə siyasəti – uşaq baxımı və valideyn məzuniyyəti

İsveçdə işçi valideynlər üçün eyni hüquq və vəzifələrə sahib olan ailə siyasəti valideynlərə iş və şəxsi həyat arasında düzgün tarazlıq tapmağı asanlaşdırır.

Bütün valideynlərə uşaq baxımı təmin edilir və məqsəd uşaq baxımının hər kəs üçün münasib qiymətli olmasıdır. 

1974-cü ildə İsveç dünyada ilk dəfə olaraq genderə əsaslanan analıq məzuniyyətini gender neytral valideyn məzuniyyəti ilə əvəz edib. Belə ki, valideyn sığortası valideynlərin hər bir uşağa görə altı ay işdən ayrılmalarına imkan verir və hər valideynə günlərin yarısı verilir.

Ancaq o zamanlar ata öz günlərini anaya ötürə bilərdi – bu da irəliləyişin yavaşlamasına səbəb olurdu. İki onillik sonra 1994-cü ildə ödənişli valideyn məzuniyyətinin təxminən 90%-ni analar istifadə ediblər.

1995-ci ildə ilk "ata ayı" tətbiq olunub və bu, ata yalnız istifadə etməyəcəyi halda itirəcəyi 30 gün məzuniyyət verib. 

Əgər ata bu ayı istifadə etməsəydi, valideynlər bir ay ödənişli məzuniyyəti itirirdilər.

2002-ci ildə bu müddət 60 günə, 2016-cı ildə isə 90 günə uzadılıb və yalnız atalar üçün ödənişli məzuniyyət olaraq ayrılıb. 2024-cü ildə valideyn sığortası yenilənərək valideynlərə məzuniyyətlərinin 45 gününü nənə və babaya və ya ailə dostlarına köçürmə imkanı verilib.

Bu gün İsveçdə atalar valideynlər üçün mövcud olan ödənişli günlərin təxminən 30%-ni istifadə edirlər.
İsveçin diskriminasiya aktı valideyn məzuniyyəti götürən və ya götürəcək olan işçilərin və işə müraciət edən şəxslərin qeyri-bərabər şəkildə müalicə edilməməsini təmin edir.

Güc mövqeləri

2021-ci ilin noyabrında o zamanlar hakim olan Sosial Demokrat Partiyasının üzvü Magdalena Andersson İsveçin ilk qadın baş naziri olub. Onun vəzifəsi 2022-ci ildə ümumi seçkilər və hökumət dəyişikliyi ilə sona çatıb.

2022-ci il seçkilərindən sonra İsveç parlamenti Riksdagdə 188 kişi və 161 qadın var idi. Hazırda baş nazirin rəhbərlik etdiyi 23 nazirin 11-i qadındır.

İsveç Statistika İdarəsinin gender bərabərliyi üzrə yarımillik hesabatına görə, 2023-cü ildə İsveçin dövlət müəssisələrinin 53%-də qadın CEO olub. Eyni müəssisələrdə idarə heyətlərinin 45%-i qadınlardan ibarət idi.
Digər tərəfdən İsveçin işgüzar sektoru hələ də kişi dominant sahə olaraq qalır. Stokholm Fond Birjasında siyahıya alınan şirkətlərin 10%-ində qadın idarə heyəti sədri, 14%-ində qadın CEO, 36%-ında isə qadın idarə heyəti üzvləri var idi.

Bəzi İsveç siyasətçiləri cinsiyyət bərabərliyinə nail olmaq üçün daha sürətli bir yol olaraq qadınlar üçün kvotaların tətbiqini təklif edib.

Mənbə: Sweden.se

Tərcümə etdi: Arzu Qafarova 

Paylaş
Şərh əlavə et