Bu gün:

Yerin dərinliklərində yeni həyat forması kəşf edilib


Alimlər Yer kürəsinin torpaq qatlarında həyat üçün həyati əhəmiyyət kəsb edən, əvvəllər məlum olmayan mikroblar ailəsini aşkar etdiklərini açıqlayıblar.

Miçiqan Dövlət Universitetinin tədqiqatçıları Yer kürəsinin torpaq qatlarında “kritik zona” kimi tanınan və həyat üçün böyük əhəmiyyət kəsb edən əvvəllər məlum olmayan mikroblar ailəsini aşkar ediblər. Bu mikroorqanizmlərin suyun təmizlənməsi və ətraf mühitin davamlılığı baxımından yenilikçi potensiala malik olduğu bildirilib.

Miçiqan Dövlət Universitetinin Mikrobiologiya professoru James Tiedje-nin rəhbərlik etdiyi komanda bu dərin torpaq qatlarında "CSP1-3" adlı yeni mikrob filumunu kəşf edib Sözügedən mikroorqanizmlər ABŞ-ın Ayova ştatında və Çində dərin torpaq nümunələrindən təcrid edilib. Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar. DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib. Tiedjenin komandası mikrobların yarandığı isti bulaqlarda temperatur şəraitini yenidən yaradaraq onların becərilməsi ilə bağlı təcrübələr aparır. Uğurlu olarsa, biotexnoloji tətbiqlər üçün bu mikroorqanizmlərin genetik xüsusiyyətləri, məsələn, çirkləndiriciləri parçalamaq qabiliyyəti də araşdırılacaq. Professor Tiedje bu yeni kəşfin əhəmiyyətini vurğulayaraq "Bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Ancaq bu məlumatları öyrənə bilsək, dünyamızın üzləşdiyi ekoloji problemlərə təsirli həll yolları inkişaf etdirə bilərik",-deyib.


Mənbə: Nefes Gazetesi

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et