“Yastı uzanmaq” və ya tang ping hərəkatı 2021-ci ildə Çində ortaya çıxan bir fenomendir. Bu, 1990-cı illərin sonlarında və 2000-ci illərdə doğulan nəsli təsvir edir. Onlar sosial yüksəliş imkanlarının olmaması və iqtisadi durğunluq səbəbilə öz gələcəkləri uğrunda mübarizə aparmaq istəmirlər.

Bu nəsil əvvəlki nəsillər tərəfindən dəyər verilən zəhmət, ev sahibi olmaq, evlənmək və daha yüksək həyat standartları kimi anlayışları izləmək istəmir. “Yastı uzanmaq” hərəkatı gənc internet istifadəçiləri arasında rezonans doğurduqdan sonra Çin hökuməti bu “odun üstünə su tökməyə” çalışaraq əvvəlki nəsillərin köhnə, yaxşı dəyərlərini bərpa etməyə çalışdı.
Buna baxmayaraq, sual budur: 40 illik iqtisadi çiçəklənməyə baxmayaraq, bu hərəkat niyə Çin gəncləri arasında bu qədər yayıldı?
Gerçək budur ki, Çində ÜDM-in (ümumi daxili məhsul) artımı 2010-cu ildən bəri davamlı şəkildə azalmağa başlayıb. Covid-19 pandemiyasından əvvəl bu artım 10.6%-dən 6%-ə düşüb. İndi isə pandemiyanın yaratdığı qlobal inflyasiya, Rusiyanın Ukraynaya təcavüzü və tətbiq olunan iqtisadi sanksiyalar səbəbilə baş verən iqtisadi geriləmə, Çinin “qızıl dövrünün” sona çatması təhlükəsini yaradır.
Saysız-hesabsız karantinlər
Vaşinqtonla Pekin arasında artan gərginlik, Çinin “sıfır-Covid” siyasəti səbəbilə tətbiq edilən saysız-hesabsız karantinlər, daşınmaz əmlak böhranı və təcrübəsiz işçilər üçün azalan məşğulluq dünyada ikinci ən böyük iqtisadiyyatın gələcəyi ilə bağlı şübhələri daha da artırıb. Aktiv internet senzurası və söz azadlığını məhdudlaşdıran digər tədbirlər nəticəsində tang ping (yəni “yastı uzanmaq”) səssiz bir inqilaba çevrilib. Bu, valideynləri və ya nənə-babaları ilə eyni həyat səviyyəsinə heç vaxt çatmayacağını bilən gənclərin gücsüzlüyünü ifadə edir. Bu sadəcə səssiz bir inqilab olsa da, Çin Kommunist Partiyası onun cəmiyyətə mümkün təsiri barədə ehtiyatlı davranır. Xinhua və digər dövlətə məxsus media orqanları bu hərəkatı qınamaq üçün istifadə olunur.
Partiyanın narahatlığına əsas verən demoqrafik səbəblər də var. Çin 2015-ci ildə bir uşaq siyasətindən iki uşaq siyasətinə keçdi, rəsmi olaraq isə ailələrə üç uşaq sahibi olmaq tövsiyə olunur, bu da pensiya sistemi və əmək qüvvəsinin sağlamlığını qorumaq üçündür.
Lakin uşaq sahibi olmaq əvəzinə “yastı uzananlar” ölkədə beş il davam edən doğum səviyyəsinin aşağı düşməsi ilə bağlı narahatlıqları artırır.
Bu hərəkat xarici sərmayədarları qorxuda bilər və əmək məhsuldarlığını azalda bilər. İqtisadi inkişaf Çin Kommunist Partiyasının avtoritar idarəçiliyini əsaslandırmaq üçün həyati əhəmiyyət daşıyır, buna görə də insan kapitalında ciddi tənəzzül hökumət tərəfindən yəqin ki, qəbul olunmayacaq.
Mənbə: China Factor
Tərcümə etdi: Arzu Qafarova
